Prezident İlham Əliyevin 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəydə baş verən hadisələr barədə fikirləri bir çox məsələlərin üzərinə işıq saldı.
İfadetv.com erir ki, Prezidentin xüsusilə ekoloji məsələlərdə nə qədər həssas olduğu və güzəştsiz mövqe tutduğu bir daha ortaya çıxdı.
Eyni zamanda bəlli oldu ki, bəzi məsələlərin Prezidentdən gizlədilməsinə cəhdlər edilir.
Prezidentin çıxışında xüsusi fikirləri bir daha nəzərdən keçirək:
- Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir.
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib.
- İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil.
- Xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır.
- Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir? Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur.
- Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram.
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə üçün bu məsələyə diqqət yetirməyib, biganə qalıb və mən tapşırıq verəndən sonra gediblər, gəliblər, nəticə haqqında heç bir məlumat yoxdur.
- Bu gün dünyada ekologiyanı korlayan şirkətlər müflisləşir. Onlar öz ölkələrində belə hərəkət edə bilərdilərmi, gedib göl qursunlar, oraya zibil, zəhər töksünlər. Onları orada ayaqlarından asardılar. Elə iş verərdilər ki, ömürlərinin sonuna qədər həbsxanada yatardılar. Amma burada hesab edir ki, nə istəyir onu da edir. Çünki gedib kimisə görüb, kiməsə salam verib, gedib kiməsə nəsə pay verib. Bunun başqa izahatı ola bilməz. Dözülməz haldır - bütövlükdə həm oradakı təxribatçıların hərəkətləri, həm xarici şirkətin fəaliyyəti, həm də bizim nazirliyimizin fəaliyyəti.
Çıxan nəticə:
1. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətsizliyi Prezidentin özündə belə ciddi şübhə yaradıb. Sövdələşmə olubmu? Təbiətə zərər verən şirkət kimisə ələ alıbmı?
2. Prezident Nazirlər Kabinetinin müşavirəsindən və yaydığı açıqlamadan da narazıdır. Açıqlamanın anlaşılmaz olduğu, heç nə başa düşülmədiyini bildirdi. Bunun işi malalamaq niyyətilə edilə biləcəyinə də işarə vurdu.
3. Prezident nazirin fəaliyyətinin dözülməz olduğuna da diqqət çəkdi və bunun ciddi nəticələri ola bilər.
Zəruri olaraq xatırladaq ki, Bakıda da ekoloji baxımdan ciddi narahatlıqlar var: xüsusilə yay mövsümünün gəlməsi ilə yenə dənizkənarı ərazilərin hasarlandığı, insanların istirahətinin məhdudlaşdığı, ağacların kəsilməsinin davam etməsi, yaşıllıqların məhv edilib, bina və obyektlər ucaldılması və s.
Ümid edək ki, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daha cəsarətli addımlar atması üçün stumil olacaq və təkcə Gədəbyin Söyüdlüsü ilə bağlı problemin həlli ilə məhdudlaşmayacaq, bütün ölkədə nazirliyin fəaliyyətində əhəmiyyətli dönüşü müşahidə edəcəyik…