XALQ MƏHKƏMƏ VASİTƏSİLƏ ÖZ SATQIN GENERALLARINI YAZXINDAN TANIYACAQDIR
2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrə görə zərərçəkənlərin ittiham etdiyi səlahiyyətlilərdən biri də o dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıkovdur. Zərərçəkənlər Sadıkovun heç olmasa, məhkəməyə çağırılıb dindirilməsini tələb edirlər.
Nəcməddin Sadıkov özü olmasa da, onun bacısı oğlu, general-mayor Ramil Əsgərov avqustun 1-də “Tərtər işi” üzrə məhkəməyə çağırılaraq dindirilib. O, həmin hadisələr vaxtı işgəncə verməkdə ittiham olunanlardan 4 nəfərin məhkəməsində şahid qismində ifadə verib. Söhbət o dövrdə Tərtərdə hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət edən hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovun məhkəməsindən gedir.
Ramil Əsgərov Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi olub. O, məhkəmədə sualları cavablandırarkən məlum olub ki, 2020-ci ildə Ermənistanla 44 günlük müharibə gedən dövrdə vəzifəsindən azad edilib. Deyir ki, oktyabrın 23-də öz ərizəsiylə işdən çıxıb.
Əsgərov bildirib ki, 2017-ci il mayın 7-də rəhbərliyin göstərişiylə Tərtərə gedib. Həmin vaxt Tərtərdə gedən istintaqa kömək məqsədilə göndərilib. Çünki onun rəhbərlik etdiyi idarədə də təcrübəli təhqiqatçılar olub.
General-şahid etiraf edib ki, orada hərbçilərə qarşı bir sıra qanunsuz hərəkətlərin şahidi olublar. Məsələn, dindirməyə cəlb olunanların əlləri, gözləri bağlı vəziyyətdə saxlanması, pəncərədən atılma halları və s. Məhkəmədə zərərçəkənlər də, vəkillər də Əsgərovdan soruşub ki, bəs niyə hərbçilərə qarşı qanunsuzluqlara, işgəncə hallarına müdaxilə etmədi, baş verənlər barədə Müdafiə Nazirliyinin rəhbərliyinə məruzə eləmədi?
“Mən orada bəlkə də 10-cu adam idim. Mənim kiməsə nəsə deməyimin mənası yox idi”, – deyən Əsgərov əlavə edib ki, məruzə eləməyə ehtiyac yox idi. Çünki hərbi prokurorluq da daxil olmaqla, səlahiyyət sahibləri orada idi. Onun sözlərinə görə, üstəlik, korpus komandiri, general Hikmət Həsənov da telefonla mütəmadi rəhbərliyə məruzə edirdi. Bununla belə, Əsgərov təsdiqləyib ki, Nəcməddin Sadıqovun bacısı oğlu olduğuna görə müəyyən qədər ondan çəkinirdilər.
Ali Məhkəmənin kollegiya sədrinin oğlunun həbsi tələb olunur
Tərtərdəki işgəncələrdə ən çox adı hallananlardan biri Cəfər Seyidovdur. O, 2007-2017-ci illərdə Bakı şəhər prokuroru, ondan sonra isə Ali Məhkəmənin hakimi olan Əziz Seyidovun oğludur.
Məhkəmədə dindirilən zərərçəkmişlər deyir ki, işgəncələr mayın 1-dən başlasa da, bir neçə gün sonra Tərtərə Cəfər Seyidovun rəhbərliyi altında “Sualtı Hücum” (SAH) Dəniz Xüsusi Təyinatlıları gətirilib. Onlar saxlanılan hərbçilərə uzun müddət ağlasığmaz işgəncələr verib.
Avqustun 1-də məhkəmədə şahid qismində dindirilən polkovnik Seyidov özünün və komandiri olduğu qüvvələrin işgəncələrdə iştirakı haqda zərərçəkənlərin dediklərini qəbul eləməyib. O bildirib ki, işgəncələrdə iştirak eləməyiblər. Tərtərə gəlişlərinin məqsədi isə sorğuya cəlb olunan hərbçilərin saxlandığı köhnə qərargah binasının mühafizəsinin təşkili olub. Həmçinin həmin hadisələr zamanı yaralı hərbçiləri hospitallara aparmaq lazım olanda, bu işləri də görürdülər.
Seyidov iddia edib ki, işgəncələrin şahidi olmayıb. Hərçənd, orada olduğu müddətdə kiminsə sözügedən qərargah binasının ikinci mərtəbəsindən özünü atıb öldürdüyünü eşidib. Onda da təəccüblənib: “Fikirləşdim ki, axı pəncərədə barmaqlıq var, necə atıb özünü?”
Cəfər Seyidovun ifadəsi, onun suallara cavablarından sonra onunla zərərçəkənlər arasında gərginlik yaşanıb. Zərərçəkmişlər Seyidovun yalan danışdığını bildiriblər. Onlar vurğulayıb ki, Tərtərdəki işgəncələrə görə həbs olunmalı əsas şəxslərdən biri məhz Seyidovdur.
“AzPolitika.info”