Belə görünür ki, bütün dünya erməniləri nə zamansa Qarabağa dair iddialardan tam əl çəksələr belə, Rusiya Dumasının komitə sədrinin müavini Konstantin Zatulin kimi şovinist, imperiyapərəst, simasız Rusiya siyasətçiləri əl çəkməyəcəklər.
“AzPolitika.info” xəbər verir ki, “Qovorit Moskva”-ya müsahibə verən Konstantin Zatulin növbəti dəfə Nikol Paşinyan hakimiyyətini tənqid etməklə yanaşı, Kremlin Ermənistan siyasətindən də narazılığını bildirib.
Zatulin hesab edir ki, Moskva Paşinyana bütün ermənilərin iradəsini ifadə edən rəhbər kimi yanaşmalı deyildi və Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasına baxmayaraq, Qarabağdakı keçmiş qondarma rejim üçün “status” əldə edilməsinə çalışmalı idi.
Növbəti dəfə ermənidən betər ermənilik edən Zatulin deyib ki, 2018-ci ildə hakimiyyətə gələn Paşinyanın qarşısına qoyulan tapşırıq Qarabağı Azərbaycana “təhvil vermək” və Ermənistanı Rusiyadan uzaqlaşdırmaq olub.
Həmişəki sarsaq mövqeyini davam etdirən Zatulinin ən maraqlı açıqlaması isə Azərbaycan və Ermənistan rəhbərliyinin “bir ələ oynaması” ilə bağlı iddiası olub: “Azərbaycan və Ermənistana gəlincə, əlbəttə ki, məsələ hələ bitməyib. Çünki Azərbaycanın bütün ambisiyaları yerinə yetirilməyib, regionda hər şey tamamlanmayıb. Ermənistanın və Azərbaycanın indiki hökumətləri ikiəlli olaraq bir məsələdə faktiki olaraq birləşiblər – onlar “dağlıq Qarabağ”la bağlı bütün hadisələr, Qarabağ müharibəsinin nəticələri və s. ilə Rusiyanı regiondan itələyib çıxarırlar. Paşinyan isə erməni xalqının düşüncəsini Qərbdə müttəfiq axtarışına və Rusiyaya qarşı nifrət yaradılmasına kökləyir”.
Paşinyanın Tbilisidə Azərbaycanın Baş naziri ilə görüşündən danışan Rusiyalı siyasətçi bunu “adi görüşlərdən biri” adlandırıb. “Məsələ burasındadır ki, bu, Azərbaycan və Ermənistan arasında razılaşma şəklində tamamlanacaqmı? Müxtəlif proqnozlar var: proses ilin sonuna qədər yekunlaşacaq, yoxsa, yox. Məsələn, mən də başqaları kimi Türkiyənin Ermənistanla normallaşmaq üçün öz şərtlərini irəli sürdüyü barədə türk mənbələrinin bəyanatına diqqət yetirdim. Onların arasında Ermənistan ərazisindən keçən Azərbaycan və Türkiyənin birləşdirən Zəngəzur dəhlizinin açılması, ermənicə coğrafi adlardan imtina, nəhayət “erməni soyqırımı” ilə bağlı kampaniyanı dayandırmaq məsələləri var. Məncə, Paşinyan razılaşmağa hazırdı. Çünki, bu məsələr sülh müqaviləsinin imzalanması üçün şərtlərə çevrilibsə, o, bundan necə imtina edə bilər?”
Onun sözlərinə görə, Paşinyan artıq Ermənistanda hamıya başa salır - Qarabağı ruslar təslim edib, hər şeydə Rusiya günahkardır, bizim burada məsuliyyətimiz yoxdur: “O, əslində Qarabağdakı müharibəyə atdı, Ermənistanı isə döyüşə səfərbər etməkdən imtina etdi. Özü də ötən il demişdi ki, bu, daxili məsələdir, Qarabağ Azərbaycanın bir hissəsidir. Amma belə çıxır ki, hər şeydə Rusiya günahkardır”.
Rusiyanın buna niyə razı olduğunu soruşduqda isə Zatulin qeyd edib: “Çünki erməni tərəfi belə hesab etdiyinə görə. Erməni xalqının rəsmən seçdiyi Baş nazir Paşinyan bunu bəyan edib, biz ermənilərdən artıq erməni ola bilmərik. Bu yanaşma nəticəsində gözümüzün qabağında sülhməramlı kontingentimizin iştirakı ilə faktiki olaraq erməni əhalisini Qarabağdan çıxdılar. Biz ora sülhməramlılar göndərdik, lakin onları aktivləşdirməkdən imtina etdik. Azərbaycan Laçın dəhlizini bağladı, Azərbaycan hiss etdi ki, nə istəsə, edə bilər, istədiyini də edə bilər”.
Rusiyalı deputat Bakının Zəngəzur dəhlizini aşacağını istisna etməyib: “Bu, tamamilə mümkündür. Bu gün Paşinyan Rusiya ilə münasibətlərdən faktiki olaraq imtina edəndə daha çox mümkün görünür. O, erməni xalqını dalana dirədir, o bunu bir səbəbdən edir, çünki Qərb əmisi daha gözəl, onu daha böyük, daha zəngin, daha döyüşçü kimi qiymətləndirib Ermənistanın rəhbəri kimi saxlayacağını gözləyir”.
“AzPolitika.info”