Ötən gün aparıcı Mirşahin Ağayevin həbsdə olan müğənni Fədayə Laçının əfv edilməsi ilə bağlı təklifi sosial şəbəkələrdə rezonans yaradıb.
Bir sıra şou-biznes nümayəndəsi onun çıxışını paylaşaraq, Mirşahinin fikirlərinə dəstək olduqlarını yazıblar.
Müğənni Rəqsanə İsmayılova isə həmin paylaşımları edən həmkarlarını qınaq atəşinə tutub.
O, sənətçiləri birlik olmamaqda günahlandırıb:
"Neçə vaxtdır Fədayə Laçının həbsdə olmasından xəbərimiz var. Heç kim bu həyatdan sığortalanmayıb, Allah onun bağlı qapısını açsın. Hər birimizin başına gələ bilər. Gərək düzünü deyəsən, Fədayə ilə heç dostluğum da olmayıb. Bu gün sənəti olmayanlar at oynadır. Fədayə məktəb görüb, böyük ürəyi, sənəti var. Mirşahinin çıxışı bizə Fədayəni xatırlatdı. Allah canını sağ eləsin, ona təşəkkür edirik. Buradan sənət dostlarıma üzümü tuturam, bu gün mikrofon əlimizdə, çörəyimizi qazanırıq, sabah başımıza nə gələcək bilmirik. Demək istəyirəm ki, niyə Mirşahindən sonra Fədayə yadımıza düşdü? Hanı bizim birliyimiz, niyə çətin gündə bir-birimizin yadına düşmürük? Təzə həbs olunanda ailəsinə bir az pul verdik, bitdi. Ötən il Fədayə ilə bağlı kampaniya başladıldı, siyahıda olan sənətçiləri, verilən pulları gördüm. Həmin an yer aralansa, ora girərdim. Siyahıda cəmi 7-8 adam var var idi, yığışıb heç birimiz kömək etmədik.
Nə qədər müğənni var, çox demirəm, hərəniz 20 manat verin. Gör, nə qədər pul edir. Ehtiyaclarını az da olsa, ödəyərdilər. İndi Mirşahinə təşəkkür edirik, budur, bizim birliyimiz? Bəlkə də sözümdən inciyəcəksiniz, amma həqiqət budur. Heç vaxt yıxılanın əlindən tutmuruq, həmin an yadlaşırıq, ulduz oluruq, kateqoriyalara bölünürük: Mən filan kateqoriyanın müğənnisiyəm, o, qara camaat. Telefonumuzu gizlədirik, ancaq prodüserimizi tapa bilərlər. Deniz Seki tutulanda klip də çəkib ona dəstək oldular. Biz etsək nə olar? Fədayənin qapısını Allah açsın. Allah köməyin olsun, qara bəxtli qız".
Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 23-də sevgilisi, "Qoca" ləqəbli Etibar Babayevin həbsdə qaçırılmasında günahkar olduğu üçün tutulub.