Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı baş tutub.
“AzPolitika” xəbər verir ki, AFFA-nın yeni rəhbərinin məlum olduğu konfrans maraqlı çıxışlarla yadda qalıb.
Belə ki, AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov öz çıxışında AFFA-nın sabiq prezidenti Rövnəq Abdullayevlə bağlı işlədiyi müddət ərzində yaşadığı situasiyaları bölüşüb. O, Abdullayevin müsbət keyfiyyətlərindən danışıb və onunla birlikdə çalışmaqdan məmnunluğunu dilə gətirib.
Rövnəq Abdullayev isə Məmmədova cavabında bunları deyib: “Mənim bu gün futbola gəlişimin 20 ili tamam olur. “Neftçi”nin prezidenti kimi fəaliyyətə başlamışdım. Rusiyada keçirilən “Birlik Kuboku”nda oynamışdıq. Qurban Qurbanov da orada idi. Amma meydana çıxmamışdı. Ermənilər qarşımıza çıxmaqdan qorxmuşdular. Futbola gəldiyimə görə peşman deyiləm”.
O, daha sonra əlavə edib: "AFFA kollektivinə, futbol ailəsinə minnətdarlıq bildirirəm. Sağ olsunlar. Hamısı ürəkdən çalışdı. Şükür Allaha, bundan sonra futbola rahat baxa bilərəm. Neytrallıq məni bir az sıxırdı. Deyirdilər ki, milliyə azarkeşlik edə bilərsən, klublara yox. Kral öldü, yaşasın yeni kral! Keçək seçkiyə”.
Qeyd edək ki, keçirilən səsvermənin ardından Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib.Yeni posta təyinatının ardından “Qafqazinfo”-ya açıqlama verən R. Nəcəf, R. Abdullayevin “kral” bənzətməsinə də cavab verib.
R. Nəcəf jurnalistə cavabında bunları deyib:“Birincisi, mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm. Futbol böyük ailədir. Burada futbolu sevən, inkişafı istəyən insanların birlikdə çalışması vacibdir. Böyük etimad göstərilib. Mənə də böyük etimaddır. Uşaqlıqda məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa da, tanışlarla daim futbol oynayan insan kimi futbol mənə çox yaxındır, sevdiyim idman növüdür. Buna bu etimadı doğrultmaqla şəxsi futbola sevgimin təcəssüm olunması kimi baxıram. Göstərilən etimadı doğrultmaq istəyirəm. Amma həmkarlarla birlikdə olacağam. Bu, bir nəfərin işi deyil”.