Bu ilin oktyabr ayının 1-nə olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında qeyri-dövlət bölməsində aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə və ya 8 min 39 vahid artaraq 11 min 98 təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Dövlət Vergi Xidməti açıqlayıb.
Açıqlanan məlumatdan belə görünür ki, 1 yanvar 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında qeyri-dövlət bölməsində aktiv əmək müqavilələrinin sayı 3 min 59 olub.
Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı məlumatda isə göstərilir ki, 1 yanvar 2023-cü il tarixində Naxçıvanda qeyri-dövlət sektorunda muzdlu işçilərin sayı 72 min 637 nəfər olub.
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 13-cü maddəsində muzdlu işçinin əmək müqaviləsi ilə işləyən şəxs olduğu yazılır.
Qeyd edək ki, daha əvvəl də Yeniavaz.com saytında bu barədə məlumat yayımlansa da, müvafiq dövlət qurumları açıqlanan ziddiyyətli məlumatlara aydınlıq gətirməyiblər.
Məsələ ilə bağlı Dövlət Statistika Komitəsinə ünvanladığımız müvafiq sorğuya qurumdan cavab verilib ki, DSK 1 yanvar 2023-cü il tarixinə Naxçıvan MR-da qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin sayı (72 min 637 nəfər) ilə bağlı qeyd edilən məlumatı təsdiq edir.
Lakin məsələyə aydınlıq gətirilməsi üçün bu ilin iyun ayında Dövlət Vergi Xidmətinə ünvanladığımız müvafiq sorğuya bu günə kimi cavab verilməyib.