Şəki şəhərindən İfadetv.com saytına verilən məlumata görə dünən günorta radələrində 10 nömrəli orta məktəbin qarşısında Dövlət Yol polisi işçilərindən kapitan Ramil Adamov və çavuş Elçin adlı əməkdaşlar 55 BE 281 dövlət qeydiyyat nişanlı, qırmızı rəngli VAZ 02111 markalı avtomobili saxlamış və qanunsuz taksi fəaliyyətinə görə sürücü Məsimov Akif Abdulhəmid oğlunu DYP rəisi Şehram Uluxanovun göstərişi əsasında idarəyə aparmağa cəhd etmişlər. Sürücü DYP işçilərinin əlindən bezdiyini deyərək etiraz olaraq avtomobilində saxladığı bıçaqla sol böyründən özünə xəsarətlər yetirmişdir. Hazırda xəstə ağır bədən xəsarətilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır. Həkimlərin dediyinə görə xəstənin vəziyyəti orta ağırdır və saat 17-00-da əməliyyata götürülməlidir. Xəstənin yaxınlarının verdiyi məlumata görə sürücünü iki ay əvvəl də digər DYP işçisi, əslən Qax rayonundan olan Vüqar adlı yol polis əməkdaşı da zorakılıq etmiş, Akif o vaxt da özünə qəsd etməyə cəhd edərkən, avtomobildə olan kənar şəxs bıçağı onun əlindən almışdır. Akif Məsimov əvvəllər törətdiyi avtoqəzaya görə bir dəfə məhkumluq həyatı yaşamışdır. Hepatit C viruslu qaraciyər xəstəsidir. A.Məsimovun yeganə qız övladı bir neçə il əvvəl 28 yaşında dünyasını dəyişmişdir. Hazırda A.Məsimov yetim qalmış 3 azyaşlı nəvəsinə baxmaq zorundadır. Ona görə də köhnə avtomobili ilə tikinti materialı daşımaqla yetimləri çörəklə təmin etmək istəyirdi. Məlumatda o da qeyd edilir ki, Şəki rayon DYP işçiləri kasıb və əlacsız insanlara qarşı sürücü Akifə qarşı olduğu kimi çox amansız davranırlar.
İfadetv.com Natiq