16 il davam edən tədqiqatın nəticələrinə görə, qəhvə və qırmızı şərab ömrü uzadır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələri Amerika Birliyinin 2019-cu ildə elmin inkişafına həsr olunmuş illik konfransında, Kaliforniya İrvin Universiteti, Yaddaş və Nevroloji Pozğunluğu İnstitutundan olan tədqiqatçıları Klaudia Kavas və Mariya Korrada tərəfindən açıqlanıb.
16 il bundan əvvəl başlayan bu araşdırmanın məqsədi insanlara ən az 90 il yaşamağa imkan verən amilləri müəyyən etmək olub. Daha doğrusu, araşdırmaçılar uzunömürlü insanların qida qəbulunda əsas yeri tutan məhsulları və həyat fəaliyyətini öyrənib.
Sınağın iştirakçıları tədqiqat ərzində onlarla fiziki və koqnitiv testlər keçirən alimlərlə görüşüb. Araşdırmaçılar həmçinin yemək və həyat tərzi haqqında vacib faktları toplayıb.
Bu araşdırma göstərib ki, qırmızı şərab və qəhvə qəbulu insan ömrünü uzadan faydalı içkilərdir. Lakin əsas açar həyatda bir çox başqa şeylərdə olduğu kimi ölçü hissidir.
Şərab və ya qəhvə sevən hər kəs bu içkilərin onları daha xoşbəxt etdiyini iddia edib. Ən maraqlısı odur ki, araşdırmaçılar qəhvə və şərabın yaratdığı xoşbəxtlik hissinin insanları uğura apardığını vurğulayıb. Beləliklə, bu tədqiqatın nəticələrindən o qənaətə gəlmək olar ki, qəhvə və şərab yalnız uzun ömürlülüyü artırmaqla qalmır, həm də insanlarda motivasiyanı yüksəldərək onları daha xoşbəxt və daha müvəffəqiyyətli edirlər.
Şərab və qəhvənin ömrü uzatması əlbəttə ki, gözlənilməz və gözəldir. Amma tədqiqatçılar insan ömrünü uzadan digər amilləri müəyyən edib. Məlum olub ki, hər gün 15-45 dəqiqə fiziki məşq erkən ölüm riskini 11 faiz azaldır.
Ancaq araşdırmanın bir sonrakı mərhələsinin nəticələri təəccübsüz ötüşməyib. Tədqiqatçıların sözlərinə görə, ahıl yaşlarda da zehni itiliyi qorumaq üçün ömür boyu məşğul ola biləcəyin bir hobbin olmalıdır. İddia olunub ki, hər hansı hobbisi olan və gündə təxminən iki saatını ona həsr edən insanların 90 yaşına qədər yaşamaq şansı digərlərindən 21 faiz çoxdur. Yəni uzunömürlülük faktorunda hobbi əslində, idmandan ikiqat faydalıdır.
Yekun olaraq bu araşdırmadan o nəticələri çıxartmaq olar ki, qəhvə və şərab içmək, o cümlədən hobbilərinə daha çox vaxt ayırmaq uzunömürlülüyn əsas sirridir.
Aytən Məftun