Moderator.az-a şikayət daxil olub. Şikayətçi Təranə Abasova iddia edir ki, övladı iki ildir ki, Türkiyə Cümhuriyyətinin Azərbaycanda həyata keçirdiyi “Türkiye Bursları” təqaüd proqramına müraciət edir.
O qeyd edir ki, övladı iki dəfə yüksək nəticələr göstərməsinə baxmayaraq, nəinki müsahibəyə dəvət almayıb, heç bir əsas göstərilmədən imtina cavabı alıb:
“Övladım Türkiyənin keçirdiyi YÖS (Yabancı Uyruklu Öğrenci Sınavı) imtahanından 440 bal topladığı halda bu nəticə onun müsahibəyə çağırılması üçün yetərli sayılmayıb. Müraciət etdiyimiz YTB (Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı) bu seçim prosesi ilə bağlı heç bir dolğun izahat təqdim etməyib. Halbuki tələbələr tanıyırıq ki, heç bu imtahanda iştirak etməyib, təkcə attestatla müraciət elədiyi halda, həm müsahibə mərhələsinə dəvət olunurlar, həm də sonra qalib elan olunurlar. Bununla bağlı təqaüd proqramını aparan Türkiyənin YTB idarəsinə müraciət edirik, ancaq onlardan dolğun cavab ala bilmirik. Bilmirəm bu qurumda məlumatları var ya yoxdur, Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır”.
Şikayətçinin iddiasına görə, pulu və tanışı olmayan, amma layiq olan tələbələr kənarda qalır, pulu və tanışı olan heç bir nəticəsi olmayanlar isə təqaüdlə təhsil alırlar:
“Mən bir ana kimi öz araşdırmamla tapdığım məlumatlar var. Sizdən də xahiş edirəm ki, peşəkar jurnalist kimi bu mövzunu gündəmdə saxlayasınız, araşdırıb daha dəqiq məlumatları lazımi qurumlara çatdırasınız. Azərbaycanda bu təqaüd proqramı ətrafında rüşvət və korrupsiya şəbəkəsi formalaşıb. Konkret olaraq bu şəbəkəni Xəzər universitetinin müəllimi Telman Nüsrətoğlu və Azərbaycan Turizm universitetinin müəllimi Araz Aslanlı idarə edirlər. Təqaüd proqramının bəzi qaliblərinin seçilməsinə YTB ilə şəxsi əlaqələri vasitəsilə təsir göstərirlər, qarşılığında da yüksək qazanc əldə edirlər. Bu şəxslər birbaşa pul almasa da, iki təhsil mərkəzi vasitəsilə tələbə seçirlər. Bakıdakı “Bilik” tədris mərkəzinin rəhbəri Rövşən Əbdülhəsənov və “Agora” təhsil mərkəzinin rəhbəri Rizvan Qənbərli vasitəsi ilə ailələrdən yüksək məbləğdə pul alırlar. Onların vasitəsilə müəyyən şəxslərin siyahılara daxil olunduğu barədə məlumatlar, valideyn və tələbə şikayətləri var”.
“Bütün bunlar Türkiyənin təhsil diplomatiyasına, şəffaflıq imicinə və minlərlə dürüst tələbənin gələcəyinə ciddi zərbə vurur. Mən bu məktubu yazmaqla sadəcə öz övladımın haqqını yox, bütün haqsızlığa uğrayan tələbələrin haqqını müdafiə etmək istəyirəm. Xahiş edirəm, bu mövzunu araşdırın. Ümid edirəm ki, səsimizi eşidən, haqqın tərəfində olan vicdanlı insanlar və jurnalistlər hələ də var”- deyə Təranə Abasova əlavə edib.
Moderator.az
