Azərbaycan Respublikası Prezidenti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı imzalayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Kommunikasiya Departamentindən APA-ya verilən məlumata görə, sərəncamı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “dəstək proqramı”nda məqsəd makro-iqtisadi dayanıqlığın qorunması, əhalinin sosial rifahı və iqtisadi inkişafın təmin edilməsidir.
Məşğulluğun 14,5 faizini təmin edən ticarət və nəqliyyat vasitələrinin təmiri, 4,2 faizini təmin edən nəqliyyat və anbar təsərrüfatı, 1,6 faizini təmin edən turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizini təmin edən istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət “Dəstək proqramı”nın mərkəzində olacaq.
Bütün hallarda ödənişli ictimaiişlər, özünü məşğulluq və ünvanlı sosial yardım kimi layihələrin əhatə dairəsinin artırılması gündəmdədir.
“Məhsul və xidmətlər hesabı”nın təhlili göstərir ki, ötən il 203,7 milyon manat təşkil edən “məhsula və idxala subsidiyalar”ı bu il daha da artırmaqla prioritet sektorları dəstəkləmək mümkündür. Qlobal şokların təsiri altında həm əhali, həm də müəssisələr səviyyəsində ödəməmələr və borclar problemi meydana çıxır. “Dəstək proqramı” zərər çəkən sektoralara, sahibkarlara, muzdlu işçilərə və aztəminatlı insanlarımıza dəstəyi nəzərdə tutur.