Gürcüstan Avropa İttifaqına daxil olmayan yeganə postsovet ölkəsidir ki, Brüssel koronavirusun yayılması baxımından 15 təhlükəsiz ölkənin siyahısına daxil edib və Avropa İttifaqının sərhədlərini bu ölkənin vətəndaşları üçün açıb. Gürcüstanın 3.7 milyon əhalisindən cəmi minə yaxını bu virusa yoluxub, onlardan 15-i ölüb. Bəs Gürcüstan hakimiyyəti dünyada virusun tüğyan etdiyi, qonşu Ermənistanda hər gün yüzlərlə yeni yoluxmanın qeydə alındığı bir vaxtda belə nəticəyə necə nail olub?
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, BBC rus xidməti Gürcüstan hökumətinin bu uğuru haqda yazıb. Gürcülərin virusu necə dayandırdığını araşdırıb.
Situasiya necə inkişaf etdi?
Gürcüstanda Covid-19 virusuna ilk yoluxma fevralın sonlarında qeydə alınmışdı. Hökumət çox cəld reaksiya verdi. Martın ortalarında artıq bütün məktəblər, universitetlər və həyat əhəmiyytli fəaliyyət sahəsinə aid olmayan müəssisələr bağlanmışdı, ictimai nəqliyyat dayandırılmışdı.
Martın 21-də isə hökumət fövqəladə vəziyyət rejimi elan etdi, kütləvi tədbirlər və bir şəhərdən digərinə səyahət qadağan olundu. Gecələr komendant saatı hökm sürürdü. Aprelin 19-da Pasxa bayramı zamanı hakimiyyət fərdi avtomobillərdən istifadəni və qəbiristanlıqlara ziyarəti qadağan etdi.
“Biz pandemya təhdidi barədə ilk yoluxma halının təsdiqlənməsindən bir ay əvvəldən düşünməyə başlamışdıq. Ölkəmizin spesifikası nəzərə alınmaqla, xüsusən də onun yerləşdiyi bölgəni və ölçülərinin böyük olmadığını əsas götürməklə biz başqa ölkələrin təcrübələrindən istifadə edə bilməzdik”,-Gürcüstanın baş naziri Giorgi Qaxariya elektrn poçtla BBC-yə göndərdiyi açıqlamada bildirib.
Hökumət üçün tövsiyələrin hazırlanması, təşviqat işi və vətəndaşların Covid-19 virusu ilə bağlı situasiya haqda müntəzəm məlumatlandırılması işini səhiyyə və xəstəliklərə nəzarət Milli Mərkəzinin aparıcı alimləri üzərinə götürdü. Həmin mərkəzə tabe olan Luqar labaratoriyası 2017-ci ildən bəri müntəzəm olaraq Rusiya dezinformasiya kampaniyasının hədəfidir. İddia edilir ki, guya mərkəzdə ABŞ-ın maraqları üçün bioloji silahlar işlənib hazırlanır.
Müşketyorlar kimlər idi?
Pandemiya ilə mübarizədə uğurlu taktikanın seçilməsinə görə Gürcüstan sakinləri üç alimə minnətdarlıq edirlər, xalq arasında onları “üç muşketyorlar” adlandırırlar. Trionun tərkibinə səhiyyə və xəstəliklərə nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze, Luqar labaratoriyasının rəhbəri Paata İmnadze və Gürcüstanın baş virusoloqu, Tbilisdəki infeksion xəstəliklər, QİÇS və immunologiya mərkəzinin rəhbəri Tengiz Tsertsavadze daxildir. Qrupda D” Artanyan da var-Tbilisinin birinci universitet klinikasının direktoru Levan Ratiani. Onun işi əhali üçün gündəlik brifinqlər keçirməkdir.
Daha bir populyar şəxs isə Tbilisi infeksion xəstəliklər klinikasının baş həkimi Marina Ezzuqbayadır, o koronavirusla mübarizədə publik şəxsə çevrilib. Həmin mütəxəssislər Gürcüstanda əsl qəhrəmanlara çevrildilər, onların tövsiyələrinə diqqətlə əməl olundu.
İyunun 30-da Amiran Qamkrelidze nəyə nail olduqlarını açıqlayırdı: “Biz əhalinin hər milyon nəfərinə 30 mindən çox test həyata keçirdik. Xəstələnənlərin 86 faizi sağaldı, təəsüf ki, 15 nəfər öldü. Ölüm səviyyəsi 1.6 faizdir və bu da dünya ölçülərinə görə çox aşağıdır”.
Gürcüstanda hazırda Covid-19 testləri aparan 19 labaratoriya fəaliyyət göstərir.
Tətbiq edilən tədbirlər niyə işlədi?
Gürcüstan hökuməti ictimaiyyətə tövsiyələrə diqqətlə əməl etdikləri üçün minnətdarlıq edir. Buna əlbətdə ki, iri cərimə məbləğləri də təsir elədi-karantin qaydalarının pozulmasına görə fiziki şəxslər üçün min, hüquqi şəxslər üçün üç min dollar cərimə nəzərdə tutulub. Avtobus dayanacaqlarında “Evdə qalın” xəbərdarlıqları ilə elektron tablolar qoyuldu, mobil operatorlar bu xəbərdarlığı abonentlərinə translyasiya etdi. Hərçənd gürcü cəmiyyətində siyasi məsələlərlə bağlı çox ciddi ziddiyətlər var, amma insanlar pandemiya ilə mübarizədə birləşdilər.
“Gürcüstan sakinlərinin əməkdaşlığa hazır olması və onların nümunəvi sosial məsuliyyəti bütün tövsiyələrin yerinə yetirilməsinə imkan verdi”,-baş nazir Qaxariya bildirir.
Pasxa bazar günü ciddi sınaq oldu. Təhlükə vardı ki, bütün ölkə boyu minlərlə insan gecə kilsə ibadətinə toplaşacaq. Gürcüstanda nüfuzlu pravoslav kilsəsi ibadəti tam həcmdə yerinə yetirdi və birdəfəlik qaşıqlardan istifadədən imtina etdi. Lakin insanların çoxu alimlərin tövsiyələrinə əməl edib evdə qaldı, ibadətə getmədi.
Məhdudiyyətlərin götürülməsi
Gürcüstanda artıq bir çox müəssisələr, mağazalar və restoranlar işləməyə başlayıb. Bununla belə insanların çox olduğu yerlərdə maskalardan istifadə mütləqdir, ciddi sosial məsafə qaydaları hökm sürür. Kütləvi tədbirlər əvvəlki kimi qadağandır.
Hökumət sərhədi xaricilər üçün iyulun 1-dən açmağı planlaşdırırdı, lakin bunu təxirə salmaq lazım gəlib. Bu il turizm sektorunun perspektivləri dumanlı görünür. Səhiyyə və xəstəliklərə nəzarət Milli Mərkəzinin rəhbəri ehtiyatlı danışır. “Gürcüstan qonşu ölkələrlə müqayisədə cənnət və rifah ölkəsi kimi görünür, amma bu bizə əsas vermir ki, bir an da olsun arxayınlaşaq. Bizi bu arxayın salmamalıdır ki, hər gün tək-tük yoluxma halı aşkarlanır, hömən daimi hazırlıq vəziyyətində olmalıyıq”,-Amiran Qamkrelidze keçirdiyi mətbuat konfransında deyib.