Dünən günorta saatlarından etibarən Ermənistan hərbi birləşmlərinin Azərbaycan-Ermənistan sərhəddi boyunca, Tovuz istiqamətində mövqelərimizin ələ keçirilməsi məqsədilə hücuma keçməsi nəticəsində üç əsgərimiz şəhid olmuşdur.
Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarmaq əvəzinə gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir. Hərbi jurnalist, Rahib Qərib, bu ermənilərin deyil, üçüncü bir qüvvənin Azərbaycana təsiri və xəbərdarlığı olacağını qeyd edib:
“Bu ilk dəfə deyil, zaman-zaman Qarabağ probleminin ortaya atıldığı ilk gündən bu vaxta qədər davam edir. Adətən, ermənilər Qafqazda hansısa bir siyasi məsələ olanda, qardaş Türkiyəylə bağlı münasibətlərimizlə bağlı nəsə olanda, Türkiyə Azərbaycana qarşı addım atanda, xüsusən də Azərbaycan-Ermənistan sərhədində ermənilər fəallaşırlar və müxtəlif təxribata əl atırlar. Belə hesab edirəm ki, bu ermənilərin deyil, üçüncü bir qüvvənin Azərbaycana təsiri və xəbərdarlığı ola bilər. Ermənilər Qarabağ sərhədində deyil, xüsusən də dövlət sərhədimizdə belə təxribatlara əl atması, fikiri yayındırmaq və xəbərdalıq etmək mahiyyəti daşıyır”.
