Tarixdə elə hadisələr olub ki, onun həqiqiqət olduğu baş verdiyi gün, ay, ildə deyil, bəzən illərdən sonra öz təsdiqini tapıb. Tovuz döyüşləri yaşadığımız günlərdə baş versə də, xeyli suallara hələ aydınlıq gəlməyib və görünür, zamana ehtiyac var. Aydın olan isə odur ki, düşmən Tovuz döyüşlərində fərqlənən hərbçilərini yüksək mükafatlara, bir kapitanı isə ən yüksək ada-Milli Qəhrəman adına təqdim edib.
Qeyd edim ki, Ermənistanın indiyədək cəmi 17 milli qəhrəmanı var. Milli Qəhrəman adı Ermənistanda yalnız hərbçilərə aid deyil, erməni xalqı qarşısında xidmətləri olan, vətəndaşlığından və milli mənsubiyyətindən asılı olmayaraq erməni xalqına olan xidmətinə görə verilir. Misal üçün sonuncu dəfə Milli Qəhrəman adı Argentinada yaşayan Ernekyan Eduardoya verilib. “Ermənistanın çiçəklənməsi və yenidən qurulmasında əvəzsiz xidmətlərinə görə”.
Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin Tavuş istiqamətində son döyüşlərdə iştirak edən bir qrup hərbçiyə ən yüksək dövlət mükafatlarının verilməsi barədə prezident Armen Sarkisyana müraciət təqdim edib. O, bu barədə Prezidentlə vacib telefon danışığının olduğunu qeyd edərək Facebook səhifəsində yazıb. Paşinyan yazır: “Tavuşdakı döyüşlərdə 16 iştirakçını 1-ci dərəcəli Döyüş Xaç ordeni, 55 hərbçi 2-ci dərəcəli Döyüş Xaç ordeni, Kapitan Ruben Sanamyan isə Milli Qəhrəman adına layiq görüldü.
Elə indicə, kapitan Sanamyanla görüşmək şərəfinə nail oldum ".
Onun sözlərinə görə, bu, Tovuz döyüşlərində iştirak edənlərin, Ermənistan ordusunun əsgərlərinin, zabitlərinin və generallarının qəhrəmanlıqlarına layiqli bir hörmət və qiymətdir. Kapitan Sanamyan 2012-ci ildə 2-ci dərəcəli "Döyüş Xaç" ı aldığı məlumdur. 25 sentyabr 2016-cı il tarixində Dilican şəhəri günü "Təşəkkür" mükafatını alıb. "Marşal Baqramyan" medalına da layiq görülüb. Məsələ tam aydındır. Kapitan Sənəmyan Tovuz döyüşlərində başda general Polad Həşimov olmaqla yüksək rütbəli Azərbaycan zabitlərini bir atışla öldürdüyünə görə ona milli qəhrəman adı veriləcək. Qeyri-adi heç nə yoxdur. Erməni generalını öldürən Azərbaycan hərbiçisinə mən də general rütbəsi verilməsini istərdim. Təəssüf ki, yoxumuzdur və yoxdan Allah da bezardır. Mən üzümü kapitanlarımıza yox, generallarımıza tuturam: General kolleqanızın qisasını almaq üçün Sizlər nə vaxt erməni generalını öldürüb Milli Qəhrəman adı almağa namizəd olacaqsınız?
İlham İsmayıl