“Təsəvvür etmirəm ki, ömrümüzdə belə möhtəşəm bayram nə vaxtsa olub. Düzdür, torpaqlarımızla bağlı hələ problemli məsələlər var və onu da inşallah dövlətimiz həll edəcək. Bir vətəndaş olaraq ürəyimizdən keçir ki, bu qələbəni, ərazilərimizi bütövləşdirək. Azərbaycan Ordusu buna görə də öz sözünü deyəcək. Dünən isə məni ən çox sevindirən Türkiyənin müdafiə naziri hörmətli Hulusi Akarın Ali Baş Komandan İlham Əliyevlə Şuşada görüşü oldu. Bu hissləri sözlə ifadə edə bilmirəm, bir sözlə, yerlə-göy arasındaydım. Dünən ötən ilki birliyimizin sanki ardı bütövləşmişdi. Hər bir addımımızda o torpaqlarımızı bizə qaytaranlara minnətdar olmalıyıq. Bunu qanlarını torpaqlara tökən, gəncliyindən, canından keçən şəhidlərimizə borcluyuq”
Bunu Moderator.az-a açıqlamasında Şuşa özünümüdafiə batalyonunun sabiq komandiri Fəxrəddin Səfərov deyib. Onun sözlərinə görə müharibənin nəticəsində qələbə olanda ağrı-acı da nisbətən azalır:
“Düzdür, müharibədə insanın ömrünü və taleyini müəyyənləşdirmək çətindir. Müharibədə şəhid də, qazi də ola bilərsən. Müharibənin nəticəsində qələbə olanda o ağrı-acı nisbətən azalır. Bu gün şəhid valideynlərimiz daha çox övlad ağrısını yaşayırlar. Buna baxmayaraq biz o şəhidlərimizin hesabına bütövləşmişik. Məsəl var deyir ki, “oğul düşmən çəpəridir”. Bu o deməkdir ki, oğul dövlətin bütövlüyünü qoruyandır”.
Sabiq komandir ordumuzun şücaətini gözdən salmağa çalışan qüvvələrə də səslənib:
“İndi siyasi şərhçilərimiz çıxıb müharibəni şərh edirlər, amma elə şeylər var ki, onları demirlər. Bəziləri isə müharibə anlayışından uzaqdırlar. Rusiya kimi böyük dövlət bu müharibənin içində erməninin tərəfində idi. Mühəndis qurğuları hamısı Rusiyanın idi, ora milyardlarla pullar xərcləmişdilər. 1992-ci ilin müharibəsini müəyyən ifadələrlə gözdən saldılar. İndi də çıxışlarında deyirdilər ki, guya Rusiya buna göz yumdu və döyüşçülərimiz elə asanlıqla əraziyə daxil oldular. Yəni bu cür ifadələri ortaya atmaqla Azərbaycan Ordusunun döyüş qabiliyyətini gizlətmək, “sındırmaq” istəyirlər. Demək istəyirəm ki, bu düzgün ifadə deyil. Bu müharibədə “İsgəndər”lərin atılmasında Rusiya var idi, Ermənistanın nə ixtiyar var idi ki, bu silahı atsın və Rusiyanın xəbəri olmasın. Qonşularımız farslar ermənilərin ətrafındaydılar. İndiyənə qədər gizli sürətdə düşmənə kömək edirdilər və artıq bizim qələbəmizi həzm edə bilmirlər.
Dünən Şuşada Azərbaycan Silahlı Qüvvələrinin müəyyən hissəsinin Zəfər Bayramını qeyd etməsi isə çox möhtəşəm idi”.
