“Təsəvvür eləmirəm ki, Eldar Əzizovun əli kasıb tələbənin əlini sıxmağa yönəlib”
“Geniş səlahiyyətlərə və maliyyə imkanlarına malik, vətəndaşın səsilə formalaşan seçkili yerli özünüidarə qurumlarının təyinatlı icra hakimiyyətlərindən hansı üstünlüklərə malik olması barədə zaman-zaman yazırıq. Amma görünür, bu mövzunu Avropa Şurasının tövsiyyələri, nəzəri yazılar əsasında izah etməkdənsə, praktiki nümunələrə müraciət etmək ictimai rəyə daha çox təsir imkanına malikdir”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev deyib.
“Tbilisi meriyası tələbələrə yönəlik sosial paket açıqlayıb”
“Yəqin xatırlayırsınız, Türkiyədə son yerli seçkilərdə Ankara Böyük Şəhər Bələdiyyəsi tələbəsi olan ailələri su pulundan azad elədi. İstanbul Böyük Şəhər Bələdiyyəsi avtobus gedişlərində tələbələrə güzəştlər verdi, onlara pulsuz xarici dil kursları açmağı vəd elədi. Bu gün isə Tbilisi meriyası tələbələrə yönəlik sosial paket açıqlayıb. Meriyada aztəminatlı kimi qeydiyyatdan keçən ailələrin tələbə övladlarının təhsil haqqı ödənəcək. Vahid milli imtahandan 51-70 bal toplayanların təhsil haqqının 50%-i, 71-90 bal bal toplayanların təhsil haqqının 70%-i, 91 baldan yüksək toplayanların təhsil haqqının 100%-i meriya tərəfindən qarşılanacaq”,-deyə iqtisadçı diqqətə çatdırıb.
“2015-2017-ci illərdə bu proqramdan 6.5 min yoxsul tələbə bəhrələnib”
R. Ağayev nəzərə çatdırıb ki, Tbilisi meriyası 2018-ci ildə bu proqrama 400 min dollar (650 min manata yaxın) xərcləyib: “2015-2017-ci illərdə bu proqramdan 6.5 min yoxsul tələbə bəhrələnib. Vətəndaşın səsi eşidilməyən ölkədə nə rifah, nə də firavan həyat olar, həmin dövlərin yüz milyardlarla dollar varidatı olsa belə. Bu modeldə olsa-olsa zəngin dövlətlərin yoxsul vətəndaşları olur”.
“Bir anlıq təsəvvürünüzə gətirməyə çalışın ki, Eldar Əzizovun 100 metrlik tort kəsən əli bu dəfə kasıb tələbənin əlini sıxmağa yönəlib. Şəxsən mən yuxuda belə təsəvvür eləmərəm”,-deyə iqtisadçı qeyd edib.
Şamo EMİN