Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov əvvəlcə spiker Sahibə Qafarovanın xarici səfərlərindən bəhs etdi.
“Mən sizin erməni həmkarınıza verdiyiniz cavabı çox yüksək qiymətlədirirəm”, deyən deputat bildirib ki, bu mövqe Azərbaycan dövlətçiliyinin nə qədər güclü olduğunu bir daha göstərdi.
Daha sonra V.Əhmədov Bakı-Quba yolunun bərbad vəziyyətindən bəhs edib: “Bakı-Quba yolunun yenidən qurulması məsələsi ilə bağlı Baş nazirin müavini ilə görüşdüm”.
Onun sözlərinə görə, yolun təmiri ilə bağlı pul ayrılmasını xahiş edib:““Mən ayın 2-də Qubada idim. O yola getmək mümkün deyil. İnsanlar bu yoldan istifadə etmək istəmirlər. Mənə deyirlər alternativ yol, pullu yol çəkilir. Lakin bu yol əvvəlki yolu əvəz etmir. Çünki o yol birbaşa Xaçmaza və SDK-ya gedir. Mən bir daha yolun çəkilməsi ilə əlaqədar Baş nazirə müraciət edirəm. İstər Baş nazir olsun, istər baş nazirin müavinlərinin, istərsə də nazirlərin hamısının Qubada, Qusarda villaları var. Özləri də həftədə bir-iki dəfə o yolu gedib-gəlirlər. O yolu görmürlər?
Ümumiyyətlə məsələ elədir ki, Prezidentə çıxmadan Azərbaycanda bir sıra məsələləri həll etmək mümkün deyil. Əgər dövlətin baş naziri, onun birinci müavini məsələni bilirsə, onu həll etmirsə, məcbur oluram ki, cənab Prezidentə müraciət edəm ki, bu yolun məsələsi həll edilsin”.