"CİNAYƏT CƏZASIZ QALANDA DÖVLƏT SARSILIR VƏ DAĞILIR" - (Heydər Əliyev) II -HİSSƏ
Xəbər verdiyimiz kimi, Bakı-Quba-Rusiya avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinə asfalt-beton örtüyünün döşənməsinə start verilib. Söhbət bir neçə ay sosial şəbəkələrdə müzakirələrə səbəb olan yoldan gedir. Belə ki, ümumilikdə 641 milyon manata yaxın vəsaitin xərcləndiyi Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolu tam dağıdılmışdır.
İfadetv.com yeniavaz.com-a istinadla xəbər verir ki, proses daha əvvəl də Azərbaycanda avtomobil yollarının təmirinə sərf olunan milyonlarla vəsaiti xatırladıb.
Belə ki, bir neçə il əvvəl ABŞ-ın “MSNBC” telekanalının sabiq nəqliyyat naziri Ziya Məmmədovun fəaliyyətindən bəhs etməsi də ölkədə gündəmə çevrilmişdi.
Kanalın aparıcısı Reyçel Meddeu təqdim etdiyi verilişdə Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun yol təmiri ilə bağlı özbaşınalığını belə gündəmə gətirmişdi:
2007-ci ilin aprelində Azərbaycanın nəqliyyat naziri ölkənin gələcəyi üçün çox əhəmiyyətli ola biləcək bir görüş keçirdi - o, yollar barədə danışmaq üçün “Bechtel” şirkəti ilə görüşdü. Bu nəhəng Amerika şirkəti bütün dünyada yollar, körpülər, atom stansiyaları, kəmərlər tikir. Əlində neft pulu olan nəqliyyat naziri “Bechtel” rəhbərinin müavini ilə görüşdü ki, şirkət Azərbaycana gəlsin və ölkənin yollarını yenidən salsın. Bu çox böyük layihə idi və onların bunu ödəmək üçün pulları da var idi. “Bechtel” bunu çox gözəl edə bilərdi, dediyim kimi, onlar bunu bütün dünyada ediblər. Lakin onlar heç bir razılığa gəlmədilər.
O zaman Amerikanın Azərbaycandakı səfiri xanım Ənn Dörsi ABŞ Dövlət Departamentinə teleqram göndərmişdi. O teleqramda yazır ki, Azərbaycan tərəfi “Bechtel”dən tipik yol inşaatı layihəsində qiymət deməsini xahiş edir. “Bechtel” rəhbəri də deyir ki, bu, sıfırdan başlayan tipik yol salınması layihəsidir və hər kilometri təqribən 5-7 milyon dollara başa gələcək. Yenə də teleqramdan oxuyuruq ki, bu qiymət Azərbaycan nəqliyyat naziri Ziya Məmmədova çox baha göründü. Nazir fikirləşdi ki, bu, çox puldur. Və onlar işi görmək üçün başqa şirkətlə müqavilə bağladılar - hər kilometrinə görə 5-7 milyon dollar əvəzinə, hər kilometrinə 18 milyon dollar verdilər.
Bəli, sonrası elə Azərbaycan ictimaiyyətinə də yaxşı məlumdur ki, 2007-2010-cu illərdə sabiq baş prokurorun payçı olduğu "Akkord" şirkəti yolun tikintisi üçün icraçı olaraq seçilir. Onlar ilk olaraq Azərbaycanda ən bahalı yolun tikintisinə başlayırlar. Çox təəssüflər olsun ki, sabiq nəqliyyat naziri Z.Məmmədovun 30 il zəmanət verdiyi Bakı-Quba yolu 8 ildən sonra tam yararsız vəziyyətə düşür, tez tez avtoqəzalar baş verir. Tez tez baş verən bədbəxt hadisələrin qarşısının alınması üçün hökumət yenidən Bakı- Quba yolunun 45-110 km-lik hissəsinin yenidən qurulması üçün vəsait ayırmağa məcbur olur.
Bizi isə belə bir bahalı yolun çəkilişi zamanı buraxılan ciddi səhvlərin nədən ibarət olması maraqlandırırdı. Elə bu məqsədlə bazar günü, 14 avqustda yolumuzu buradan saldıq. Və ilk növbədə diqqətimizi Qubadan Bakıya istiqamətlənmiş hissədə köhnə yol yatağının çıxarılması və yenisinin inşaasının davam etdiyi zaman təxminən 1.3m qazılmış yol yatağının kənar hissələrində açıq aşkar görünən və təxminən 30 sm hündürlükdə oan adı betonabənzər qatın olduğunun şahidi olduq. Əslində isə yolların çəkilməsi zamanı tikinti norma və qaydalarına əsasən 3 təbəqəli asfalt qatıilə birlikdə yol yatağının bərk hissəsi 89 sm olmalı idi. Quba yolunda isə bərk suxurlardan ibarət heç bir qatın olmadığı açıq-aydın görünür. Bu müşahidəmizdən o anlama gəlirik ki, ən bahalı hissə olan yol yatağının çəkilişi zamanı, bərk daş suxurlardan, doğranmış çınqıl qatından, narın yuyulmuş qum qatı əvəzinə, daş karxanalarından gətirilmiş mişar daşlarının yarasız hissələri gətirilərək yol yatağına döşənmişdir. Çoxlarımıza yaxşı məlumdur ki, belə suxurlar tez sukeçirən xüsusiyyətə malikdirlər və tez də xarab olub deformasiyaya uğrayırlar. YADDAN ÇIXARMAYAQ Kİ, SÖHBƏT ŞİMAL İSTİQAMƏTNDƏ ÇƏKİLMİŞ Bakı-Quba yolundan gedir. Digər tərəfdən asfalt qatın altına səpilmiş beton təbəqənin daxilində isə heç bir dəmir konstruksiyadan istifadə edilməmişdir. Edilsəydi, yolda çökmələr, qabarmalar, çatlar və çuxurlar belə tez bir zamanda əmələ gəlməzdi. Nədənsə özlərini peşəkar adlandıran avtomobil yolları üzrə ixtisaslaşmış ekspertlərimiz yollarımızın dağılmasına səbəb olan amilləri ictimaiyyətimizə açıqlamaq istəmirlər. Təbii ki, bunun da səbəbləri bizlərə məlumdur. ( şəxsi maraqlar təmin olunanda insanlar da balıqlar kimi susmağa üstünlük verirlər)
Əgər 2 gün öncə biz adi jurnalist olaraq Quba yolunun nədədn dağılmasının əsl səbəbini yerində araşdırıb ictimaiyyətə təqdimediriksə, o zaman nədən ölkəmizin baş prokuroru cənab Kamran Əliyev Bakı-Quba yolunda dövlətə ümumilikdə vurulan 1 milyard manatlıq maddi ziyana görə cinayət işinin başlanmasına qərara verməyə tələsmir? Sabiq baş prokuror cənab Zakir Qaralovun mövqeyi aydın idi ki, sözügedən yolun tikintisinin icrasını özünün "krışalıq" etdiyi və pay sahibi olduğu "Akkord" şirkəti həyata keçirmişdir. Və təbii ki, törədilmiş irimiqyaslı cinayətə hüquqi qiymət verə bilməzdi. Bəli, bu başa düşüləndir. Heç vaxt oğru özünə oğru deməyib. Bəs ölkənin iqtisadi çətin durumunda nə baş verir? Kimliklərindən, dövlət qarşısında xidmətlərindən asılı olmayaraq İqtisadi təxribatçı ünsürlər niyə bu günümüzdə cəzasız qalırlar?
Amma sonda özümüzə bir təsəlli tapırıq. Bir neçə gün öncə Baş prokuror demişdir: "Mediada gedən məlumatları diqqətlə izləyirik." Bəli, məlumatlar da, araşdırmalar da əlahəzrət faktlar da, talanan milyonlar da hamısı göz qabağındadır. Niyə dünyada ən bahalı ( hər km-i 18000 dollara başa gələn ) Bakı-Quba yolunun qısa müddətdə dağılmasına görə kimsə məsuliyyətə cəlb olunmur? Niyə Quba yolundan fərqli olaraq almanların 1938-ci ildə Kalininqrad şəhərindən Almaniyaya gedən və Quba yolundan 200 dəfə ucuz başa gələn asfalt yolda son 84 ildə zərrə qədər də çat əmələ gəlməmişdir?
İFADETV.CO-un araşdırma qrupu