Son 48 saatda Azərbaycan hökuməti informasiya müharibəsində yenə sinifdə qaldı – 44 günlük Vətən savaşı zamanı doğru qurduqları informasiya siyasətini unutdular, çünki çox arxayanlaşdılar, anlamadılar ki, coğrafiyamız taleyimizdir, daim hazırlıqlı, daim formada olmaq lazımdır.
Ermənistan təxribatlar edir, təcavüz əməllərindən əl çəkmir, Kremlin əlində kukla kimi oynadılır – Bütün dünyanın Rusiyaya, onun təcavüzünə qarşı olduğu bir dövrdə bundan istifadə etmək əvəzinə susurlar. İlk informasiya bizdən çıxmalı, təxribatlar, Rusiyanın əsl maraqları haqqında məlumatlar yayılmalı idi, ən vacibi, öz vətəndaşına, öz xalqına ilk dəqiqələrdən doğru-dürüst məlumatlar ötürülməli idi.
Rusiya nə istəyir:
1) Bölgədə daimi sülhün olmasında maraqlı deyil, daimi və qalıcı sülh hər iki ölkəyə, ümumən isə Cənubi Qafqaza təsir rıçaqlarını azaldar,
2) Kreml Brüssel sürəcindən narazıdır, hər iki ölkə rəhbərlərinin noyabra qədər Brüsseldə növbəti görüşünə qədər hansısa sənədlərin AB moderatorluğu ilə imzalanmasını istəmir, bölgədə tək söz sahibinin özü olduğunu hər addımı ilə vurğulamağa çalışır,
3) Moskva Azərbaycan ilə AB arasında böyük enerji (qaz) sazişindən narazıdır, gələcəkdə bölgə ölkələrinin də bu anlaşmaya qoşulması ehtimalı var. Azərbaycan-Ermənistan sərhədində daimi gərginlik, sərhədin müəyyən bölgələrində (məsələn, Tovuz rayonu ərazisində) kommunikasiya yollarını atəş məsafəsində olduğunu göstərməklə AB-nin təminatının sual altında, təhdid altında olduğunu göstərmək istəyir,
4) Ermənistanda hakimiyyət dəyişikliyi də Moskvanın hədəflərindən biridir.
Bütün bunları dünyaya izah etmək əvəzinə hökumət ağzına su alıb oturdu, gec reaksiya verdi, nəticədə ilk yayılan, yadda qalan xəbər Ermənistan tərəfinin yalanı, bizim, guya, hücum etməyimiz xəbəri oldu.
Son 48 saatada REAL Partiyasının rəhbərliyində təmsil olunan insanlar, sədr İlqar Məmmədov Rusiyada tanınmış müxalif kanal olan, dünyada Rusiya ilə bağlı xəbərləri öyrənmək üçün bir çox çevrələrin izlədiyi Dojd TV-yə müsahibə verdi, Azərbaycanın mövqeyini izah etdi, mən də Qafqaz bölgəsi ilə yaxından maraqlanan beynəlxalq mediadan birinə şərh verdim. Bu bizim dövlət və idarəetmə anlayışımızdan qaynaqlanır, gələcək hökumət kimi necə davranmaq lazım olduğunu göstərməyə hesablanıb.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə sağalmaq nəsib etsin. Coğrafiyamızın taleyimiz olduğu bölgədə Qafqazın “İsraili” olmağa hazır olmalıyıq, həm demokratik, hesabatlı, həm də güclü orduya malik ölkə qurmalıyıq!
Natiq Cəfərli