Ermənistan silahlı qüvvələrinin Zəngəzur istiqamətində hərbi texnika toplaması ilə bağlı foto və videolar yayılıb. Bu cür foto və videolar sosial şəbəkələrin Ermənistan seqmentində geniş yayılıb.
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, Ermənistanın bundan sonra Azərbaycanla hər hansı müharibə aparmaq ehtimalları çətin ki olsun. Analitik bildirib ki, bu gün erməni cəmiyyəti xaotik və dağınıq vəziyyətdədir:
“Bu ölkənin həm dövlət sistemi, həm də cəmiyyət, ictimai-siyasi münasibətlər, əhval-ruhiyyə baxımından bird aha köklənməsi və ayağa durması üçün uzun illər lazımdır. Bunun da yolu Türkiyə və Azərbaycanla normal əlaqə yaratmaqdan keçir. Ona görə də, ermənilərin xarici havadarlarının təhrikləri ilə Zəngəzur istiqamətində hərbi texnika toplaması hesab edirəm ki, daxili auditoriyaya yönəlik şoudan başqa bir şey deyil. Hazırda Ermənistan dövlət aparatı, Ermənistan komandanlığı bütöv şəkildə Ermənistan cəmiyyətini təhqir edərək Ermənistanın içərisindəki media gündəmini dəyişməyə çalışırlar. Ona görə, Zəngəzurda hərbi toparlanma daxili auditoriyaya hesablanıb. Düşmən yenə xarici havadarlarının fitnələri və təhrikləri ilə Azərbaycan tərəfə bir güllə tuşlasa belə, bilir ki, Zəngəzura topladıqları hərbi texnikanın darmadağın edilməsi ilə nəticələnə bilər. Əgər Ermənistan təxribatlara davam edərsə, dəmir yumruq yerindədir. Ermənistan üçün daha ölümcül və dağıdıcı olacaq”.
Nəzrin Hüseynli