MİDA-da tender adlı kolxoz kolxoz" oyunu
Namiq Məhəmməd oğlu Hümmətov 4 iyun 2020-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavinidir. Bundan əvvəl sözügedən komitənin tabeliyində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin rəisi, daha sonra Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifələrini icra edib.
Namiq Hümmətovun qardaşı Natiq Hümmətov Məhəmməd oğlu 2015-ci ilin noyabrında HN (Hümmətov Namiq) GROUP MMC-ni qeydiyyatdan keçirib. Namiq Hümmətov sözügedən komitədə yüksək vəzifəyə təyin edildikdən sonra MMC Qapalı Səhmdar Cəmiyyətə çevrilib və nizamnamə kapitalı 2010 manata çatdırılıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Elşən Oqtay oğludur.
Şirkətin ilk qeydiyyatda olduğu ünvanda - Yasamal rayonu Tbilisi prospekti ev 41, mənzil 47-də 2009-cu ildə "NN GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ də (qanuni təmsilçisi Əfqan Tapdıq oğlu Əliyev) qeydiyyatdan keçib. "NN" böyük ehtimalla Namiq və Natiq qardaşlarının adlarının abbreviaturasından götürülüb.
Sonradan hər iki şirkətin qeydiyyat ünvanıarı dəyişdirilib.
Hər iki şirkət Mənzil İnşaatı Dövlət Agentliyinin son 4 il ərzində elan etdiyi tenderlərdə ümumilikdə 177 milyon manatdan artıq sifariş əldə edib və "tender çempionu” adı qazanıb.
"NN GROUP" MMC iştirak etdiyi dövlət tenderlərindən 88 milyon 528 min 835 manatlıq sifariş "tutub". Şirkət bu sifarişləri cəmi 7 tenderlə əldə edib – bir tenderin orta qiyməti 12 milyon manatdır.
«HN Construction» MMC də tenderləri "MİDA" MMC-dən qazanıb. Şirkət 7 tenderlə bu qurumdan 88,5 milyon manatdan çox sifariş əldə edib.
Açıq tenderlərdə məlum nəticələr:
* MİDA-nın sifarii əsasında Hövsan qəsəbəsində 7 mərtəbəli yaşayış binasının tikintisi üzrə tender - NN GROUP MMC (13655137.22 manat);
* MİDA-nın sifarii əsasında Sumqayıtda 9 mərtəbəli 2 yaşayış binasının tikintisi - NN GROUP MMC "Amal Group" MMC ilə birlikdə (7499824,8 manat);
* MİDA-nın sifarii əsasında Hövsanda 1920 şagird yerlik məktəb binasının tikintisi və avadanlıqlarla tam təchiz edilməsi işləri - "HN Construction" MMC (9281713.27 manat)
* MİDA-nın sifarii əsasında Gəncə şəhərində yeni yaşayış kompleksinin tikintisi ("Amal Group” və "NN Group” MMC-lərin konsorsiumu) - ümumi məbləği 15 milyon 179 min 898 manat olan 2 müqavilə (5 nömrəli 9 mərtəbəli 2 bloklu, 6 və 7 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi – 8 milyon 858 min 274 manat; 3 və 4 nömrəli 9 mərtəbəli 2 bloklu digər yaşayış binalarının tikintisi – 6 milyon 321 min 624 manat)
* MİDA-nın sifarii əsasında Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksində 1200 şagird yerlik tam orta məktəb binasının tikintisi və avadanlıqlarla təchiz edilməsi - NN Group MMC (7247166 manat)
* MİDA-nın sifarii əsasında Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksində 12 mərtəbəli 1 bloklu 5 yaşayış binasının və 100 yerlik uşaq bağçasının tikintisi - HN Construction MMC (13281645.01 manat)
* MİDA-nın sifarii əsasında Yasamalda daha bir yaşayış binasının tikintisi - "NN GROUP" MMC (16171000 manat).
Adı çəkilən hər iki şirkət hazırda işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşada bərpa və tikinti layihələrində də iştirak edir.
Namiq Hümmətovun oğlu Toğrul Hümmətov Nyu-Yorkda təhsil alıb, 2018-2020-ci illərdə "NN GROUP"-da maliyyəçi (şirkətin sahibindən və direktorundan sonra ikinci şəxs) kimi fəaliyyət göstərib, 2020-ilin avqustundan ABŞ-da yaşayır, korporasiyalara, hökumətlərə və digər təşkilatlara peşəkar xidmətlər təklif edən McKinsey & Company qlobal idarəetmə konsaltinq şirkətində çalışır. 2014-cü ildə ABŞ-ın Men Ştatında "Thornton Academy” məktəbini qızıl medalla bitirdiyi üçün ABŞ-ın o zamankı prezidenti Barak Obama tərəfindən fəxri diplomla mükafatlandırılıb.
Qeyd edək ki, bu məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli feysbuk səhifəsində paylaşıb.
Qlobal.az