DİA.AZ: - Maliyyə naziri Samir Şərifov və onun yaxın çevrəsi ilə bağlı yetrəincə ifşaedici faktlar açıqlansa da, nədənsə əlaqədar qurumlar bütün bu iddiaları bilmərrə şəkildə rədd edir, ən yaxşı halda isə barəsində susur...
Təbii ki, bütün bu baş verənlər də Samir Şərifov barəsində olan qənaətləri möhkəmləndirir. Söhbət Azərbaycan Beynəlxalq Bankı və digər bu kimi böhranlı durumlardan yaxasını kənarda tuta bilməsi səbəbindən "ölümsüzlük" statusu alan Samir Şərifovun toxunulmazlığından gedir.
DİA.AZ-a bu barədə danışan məlumatlı mənbə olduqca ilginc məqamlara toxunub.
Mənbə bildirir: "Əslində Samir Şərifov MB sədri olmuş Elman rüstəmovdan qabaq getməli idi. Amma bu baş vermədi. Ona görə yox ki Şərifov ƏVƏZOLUNMAZDIR... Ona görə ki, həqiqətən də ona əvəz tapılmayıb".
Mənbə dia.az-a bildirir ki, bu gün Samir Şərifov özünü "yuxarılara" "vazkeçilməz kadr" kimi sırıya bilib: "İndi də bu imajın üstündə baş maliyyəçimiz kifayət qədər manevrlər etməkdədir..."
Xatırladaq ki, Maliyyə naziri Samir Şərifovun adı əvvəllər də medianın diqqət mərkəzində olmuşdur.
Bu barədə BakuPost.az xəbər vermişdir ki, nazir həmişəkindən fərqli olaraq, bu dəfə öz əməllərinə görə yox, övladının işlərinə görə gündəmə gəlmişdir. Belə ki, S.Şərifovun diqqət mərkəzinə gəlməsinin səbəbi oğlunun bahalı itləridir.
Türkiyə mətbuatı yazır ki, Azərbaycan maliyyə nazirinin oğlu qardaş ölkədə məşhur olan çoban itləri alıb saxlayır. Nazir Şərifovun övladının "Anadolu aslanı” kimi tanınan Kanqal (poyraz) it cinsini alıb saxladığını elə it fermasının sahibi Birol Başyiğit özü təsdiqləyib.
İri cüssələri və insana yaxınlığı ilə diqqət çəkən bu itlər Türkiyənin Edremit qəsəbəsində 10 hektarlıq ərazidə bəslənir. Xəbərdə nazir oğlunun bu bahalı it cinslərinə neçə min manat ödədiyi və itlərin saxlanmasının aylıq xərcləri barədə məlumat yoxdur, lakin təxmin etmək olar ki, dünyada az sayda olan bu cins itlərin qiyməti və saxlanma xərcləri heç də kiçik məbləğlərlə ölçülmür.
Azərbaycan maliyyə nazirinin adının uzun müddət sonra belə yüngül xəbərlə gündəmə gəlməsi isə Şərifovu yenidən çətin vəziyyətə salıb. Artıq nazirə yaxın şəxslər bu barədə yazan media qurumlarına çıxış axtarmağa və Şərifovu çətin vəziyyətə salan yazıların dayandırılmasına çalışır.
Qeyd edək ki, S.Şərifovun adı Azərbaycanda devalvasiyaya səbəb olan şəxs kimi çəkilirdi. Bu barədə Azərbaycan Beynəlxalq Bankın keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyev məhkəmədə dəfələrlə açıqlama vermiş və cənab naziri devalvasiyanın bir nömrəli səbəbkarı adlandırmışdı. Bütün bunların ardınca – devalvasiyadan sonra yaranan maliyyə böhranı zamanı Azərbaycan valyuta bazarında yaranan hərcmərcliyin də arxasında məhz maliyyə naziri və ona yaxın şəxslərin adı çəkilirdi.
İddia olunurdu ki, ölkədə xarici valyuta böhranı yaşanan zaman "qara bazar”a milyonlarla dollar çıxaran və bu vasitə ilə milyonlarla manat qazanan şəbəkəyə məhz Samir Şərifov dəstək verir və ya dolayısı ilə göz yumur.
Maliyyə nazirinin hətta bir neçə ölkənin agenti olduğu barədə iddialar da Azərbaycan və dünya mətbuatında yer almışdı. Rusiyalı keçmiş kəşfiyyatçı iddia etmişdi ki, Samir Şərifov Rusiya, Amerika və Türkiyənin agentidir və üçlü agent rolunu ifa edir. Lakin bu məlumatlar sonradan müxtəlif formada təkzib edilmiş və nazirə böhtan atıldığı bildirilmişdi.
Əldə etdiyimiz məlumatlara görə, prezident seçkilərindən sonra ölkə rəhbərliyi tərəfindən aparılan struktur və kadr islahatları çərçivəsində postunu itirəcək ən iri ranqlı məmurların siyahısında Samir Şərifovun da adı var. Bildirilir ki, 2018-ci ilin sonuna qədər Şərifov maliyyə naziri postundan uzaqlaşdırılacaq. İddiaya görə, son dönəmlərdə nazirin adının müxtəlif qalmaqallarda və maliyyə maxinasiyalarında hallanması ölkə rəhbərliyinin səbr kasasını doldurub və Şərifova verilən "kreditlər” tükənib.