Əvvəl-axır türk mənşəli xalqların siyasi birliyi yaranacaq, bu uzaq deyil...
Doğrudanmı, bizim iqtidar başa düşmək istəmir ki, rus generalının danışıqları Xocalıda aparılmasını istəməsi bizim millət üçün təhqirdir. Bütün varlığımla əminəm ki, həmin bu cəllad Yazovun xələfi, erməni dostları ilə yeyib-içəndə yəqin deyir:
- Vaxtilə elə bu şəhərdə bunların dərsini vermişik. İndi də məcbur edəcəyik ki, elə burada danışıq masasının arxasında otursunlar. Nə qədər biz burdayıq, sizə zaval yoxdur. Dünya əleyhimizədir, amma Azərbaycan kimi yağlı tikədən əl çəkən deyilik. Bizim ən güclü “Beşinci kolonnamız” Bakıdadır. Biz, siz ermənilər üçün hər şeyi etmişik, indi də sizi qoruyuruq. Ermənistanda bir rus dilli məktəb yoxdur, rus dilində sual versən, cavab da verməzlər. Amma, Azərbaycanın başına itin oyununu açmışıq, di gəl dörd yüzə qədər rus dilli məktəb işləyir, bunlarda da Bakıdakı ermənilər və bizim gələcək sadiq təbəələrimiz yetişir. Biz tam arxayınıq....
...Televizorda görürük, əllərində avtomat tutmuş rus əsgərləri həyasızcasına soydaşlarımızın qarşısını kəsiblər. Ukrayna igidləri ilə bacara bilməyən Voronejin, Ryazanın tör-töküntüləri torpağımda ağalıq edirlər. Kimdir bunlar? Bunlar hər axmaq əmrə tabe olan zombilər yox, bunlar vaxtilə torpaqlarımız işğal olunanda ümmanlar qan tökmüş rus generallarının, bolşevik köpəklərinin varisləridirlər. İllər boyu onların beyinlərini şovinizm zəhəri ilə doldurublar, özlərindən başqa heç kimi haqlı saymırlar.
...Əsl vətənpərvər ziyalılar Gəncəni qana qərq etmiş Sisianovu, Lənkəranın mərd mücahidlərini qırmış Kotlyerskini, İrəvan xanlığını məhv etmiş Pasktiçi yaxşı tanıyırlar. Amma bunlardan da min qat şərəfsiz, min qat amansız bolşevik cəlladlar idi. Kreml irticasının əmrlərini can-başla yerinə yetirib, fəxri ad, orden-medal alan bizim dost-doğma şairlərimiz, yazıçılar, manqurt tarixçilər cəlladları, din və millət xainlərini xalqa əsl qəhrəman kimi sırımağa nail olublar. Ölüm-zülümlə müstəqillik qazandıqsa keçmişin murdar mirasından yaxa qurtara bilmirik. Bu dəqiqənin özündə Qarabağda özlərini əsl ağa kimi aparan ruslara tərəfkeşlik edənlər içimizdədir. Dəflərlə yazmışam, rus şovinisti heç bir vaxt bizdən özünə qarşı açıq nifrəti görməyib, o yaxşı bilir ki, qəzəbimiz də, nifrətimiz də həmişə ötəri olub.
SSRİ-nin çökməsində müstəsna xidmətləri olan Reyqan vaxtilə Rusiyanı şər imperiyası adlandırmışdı. Özü başdan ayağa üfunətli çirkab içində yaşaya-yaşaya bütün xalqlara paklıq dərsi verməyi adətkərdə etmiş Rusiya bu il mədəni dünyadan , Avropadan ağır tövbələtmə aldı. Rusiya hər yerdə fitnə-fəsada bais olan, terrora dəstək verən dövlət kimi məhkum olundu. İkinci dünya müharibəsi başlayanda belə heç Hitlerə qarşı bu cürə yekdillik göstərilməmişdi. İndi görün Rusiya dünyanı necə boğaza yığıb. Amma hələ də nəyəsə inanan Putin bandası qanlı caynağını bizim torpaqdan çəkmək istəmir. Əvvəl-axır türk mənşəli xalqların siyasi birliyi yaranacaq, bu uzaq deyil. İndiyə qədər adam yerinə qoyulmayan, həmişə istehza, lağ hədəfi olmuş özbəkin də, ələlxüsus türkmənin də, indiki cah-cəlalı Moskvanın gözlərinə batır. İmkanı olsa yenə də əvvəlki kimi 6 milyon ton pambıq planını zavallı özbəyin boynuna qoya bilər.
...Dərd bizim dərdimizdir, ideoloji təxribat dayanmır ki, dayanmır. Hamı bilir ki, bizim müstəmləkə ədəbiyyatımızın bütün tanınmışlarının qarşısında bir “fərmani-hümayun” vardı, sosializm cəmiyyətində yaşayan rəiyyətə təlqin olunmalıdır ki, rus olmasaydı o indiyə qədər ağaclarda yaşayacaqdı, Gəncə qətlamından sevinə-sevinə Leninə xəbər göndərən Kirov kimi xadimlərin sayəsində xalq səadətə çatıb, Yesenin Çaqinlə bir yerdə Murtuz ağa Muxtarovun zəbt olunmuş bağında düz bir ay gecə-gündüz araq içməsəydi bizdə ədəbiyyat yaranmayacaqdı. On illər boyu sidq-dillə kommunist ideologiyasına qulluq edərək ad-san qazanmış, Moskvaya sadiq nəsillərin yaranıb püxtələşməsi üçün əlindən gələni etmiş qələm sahiblərinin yenidən təriflənməsi kimə lazımdır?
Məmməd Əmin Rəsulzadə və onun məslək, əqidə yoldaşları yada düşmür, di gəl “Sağlığına Stalin özü badə qaldıran! Əziz xilaskarımız rus xalqına eşq olsun!” sözlərini yazan şairin nəinki özünü, həmçinin qulbeçələrini də tərifləyib göyə qaldırırlar. Amma bir adamda kişilik çatmır ki, Müşfiq kimi möcüzəni satanların, Cavidə xalq düşməni deyənlərin, Xəlil Rza Ulutürkü qovaraqa götürənlərin, Üzeyir bəyin əsərlərinin ifa olunmasına maneçilik edənlərin adlarını bir-bir deyib rüsvay eləsin. Bu lazımdır, qoy heç olmasa müstəqillik dövründə gənc nəsil sovet hakimiyyətinin atalıq qayğısı sayəsində dünyada məstkam olmuş manqurtları tanısın. Çoxdan sübut olunub ki, satqınlar ört-basdır ediləndə yeni cinayətlər törəyir.
...Ukrayna xalqı isə vuruşur! Əsarət altına aldığı bütün xalqlara rus ordusunun daim məğlubedilməz olduğunu təlqin etməyə nail olmuş Moskva başını itirib. Belə fiasko ötən əsrin 40-cı illərində də baş vermişdi. Kürreyi-ərzin altıdan bir hissəni tutmuş Rusiya, əhalisinin sayı heç dörd milyona da çatmayan balaca Finlandiyanın qarşısında aciz qalmışdı.
Vuruş çox yox, üç ay davam elədi. Sovet ordusu yüz otuz min canlı qüvvə vı saysız-hesabsız texnika itirdi. Finlandiyanın itkisi isə 22 min nəfər idi. Qadınlı-kişili bütün xalq ayağa qalxıb kişi kimi vuruşdu. Optikadan istifadə etmədən adi tüfənglə 600 rus əsgəri və zabitini qırmış fin snayperinin adını bütün dünya mətbuatı hər yerdə yaymışdı.
...Müharibə bitəndən sonra sovet Rusiyasının ən qatı, ən barışmaz düşmənlərinin siyahısı Stalinə təqdim ediləndə, o dinməz-söyləməz qırmızı qələmlə Q.Mannerheymin adının üstündən xətt çəkir. Balaca bir xalqı aviasiyası, böyük hərb sənayesi olmadan qələbəyə çatdırmış belə sərkərdəyə Stalinin özü hörmət bəslədi.
Onu da deyim ki, almanlar müharibə vaxtı Leninqradı tam mühasirəyə alanda şimal zona Mannerheymin nəzarəti altında idi. Hitlerlə müttəfiq ola-ola, o qətiyyən imkan vermədi ki, Leninqrada bir mərmi atılsın. Mannerheym oktyabr çevrilişindən əvvəl rus ordusunda qulluq etmiş, böyük nüfuz qazanmışdı. O əsl zadəgan, əsl zabit kimi andına sadiq qaldı və vaxtilə təhsil aldığı şəhəri qorudu. Stalin də bunu bilirdi və o, əsl kişilik göstərmiş bu fin qəhrəmanına zadəgan hörməti göstərdi.
Qarabağdan çıxmaq istəməyən Putin çox yaxşı bilir ki, Bakı nefti olmasaydı, SSRİ xəritədən silinəcəkdi. Azərbaycan faşizm üzərində qələbə üçün nəyi vardısa hamısını verdi, onun yeraltı, yerüstü sərvətləri demək olardı müftə gecə-gündüz Rusiyaya daşındı. İndi buyurun tamaşa edin, Putin min alçaqlığa, min həqarətə baxmayaraq, yenə də rusa göz belə ağartmayan Azərbaycana belə “təşəkkür” edir. Bizlərə bu da azdır....
Firuz HAŞIMOV