Son illər Azərbaycanda həyata keçirilən kadr islahatları çərçivəsində 1990-cı illərdən bəri hakimiyyətin müxtəlif strukturlarına, nazirliklərə rəhbərlik edən xeyli şəxs vəzifəsindən azad edilib.
Təkcə elə bu il bir sıra məmurlar (Ramiz Mehdiyev, Rövnəq Abdullayev, Elman Rüstəmov, Vasif Talıbov və b.) tutduqları vəzifələrdən ya tamamilə uzaqlaşdırılıb, ya da simvolik xarakter daşıyan digər vəzifələrə təyin olunublar.
Qeyd edək ki, bu proses son 5-6 ildə ardıcıl olaraq həyata keçirilir. Kadr islahatları çərçivəsində 15-20 il və daha artıq vəzifədə olan onlarla dövlət məmuru, nazir, komitə sədri vəzifədən uzaqlaşdırılıb. Onların arasında dövlət əmlakını mənimsəmə, rüşvət və korrupsiya ittihamı ilə həbs olunanlar da var. Hətta bu kadr islahatları fonunda leksikonumuza "köhnələr" və "yenilər" kimi anlayışlar da daxil olub. Uzun müddət idarəetmə aparatında kök salan, ətrafına dost-tanış, yaxın qohum-əqrabasını toplayan, rüşvət və korrupsiyaya bulaşan, ictimai nüfuzu tamamilə korlanan köhnə kadrlar, müasir düşüncəli, Qərbdə təhsil almış nisbətən gənc kadrlarla əvəz olunurlar. Düzdür, bəzən "yenilər"in də bəziləri (məsələn, Ramin Bayramlı, Anar Kərimov və b.) onlara göstərilən etimadı doğrultmur və kadr islahatının qurbanı olurlar. Amma bütövlükdə proses "köhnələr"in idarəetmə strukturlarından - Prezident Administrasiyası, nazirliklər və yerli icra strukturlarından uzaqlaşdırılması istiqamətindədir.
Bu baxımdan prosesin 2023-cü ildə də davam etdiriləcəyi gözlənilir.
Bəs, hazırda hakimiyyət strukturlarında "köhnələr"dən kimlər qalıb?
Uzun illərdir hakim komandada yer alan və hökumətin müxtəlif strukturlarına rəhbərlik edən məmurların siyahısını təqdim edirik.
Siyahıda ilk yerdə Ədliyyə naziri Fikrət Məmmədov gəlir. 2000-ci ildə Ədliyyə naziri təyinin olunan Fikrət Məmmədov 22 ildir ki, bu vəzifəni daşıyır. 1955-ci il təvəllüdlü nazir buna qədər Baş Prokurorluqda Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994-2000-ci illərdə Baş prokurorun müavini olub. Qeyd edək ki, Fikrət Məmmədov 2005-ci ildən həm də Məhkəmə-Hüquq Şurasının sədridir.
-
Maliyyə naziri Samir Şərifov isə 16 ildir nazir portfeli daşıyır.
O, 2006-cı ilin aprelində bu vəzifəyə təyin olunub. 1961-ci il təvəllüdlü nazir 1991–1995-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini vəzifəsində çalışıb. O, 1995–2001-ci illərdə Milli Bankda departament direktoru, baş direktor, 2001–2006-cı illərdə Dövlət Neft Fondunun İcraçı Direktoru, 2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyasının sədri vəzifələrini tutub.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da Samir Şərifov kimi 16 ildir nazir postu tutur. 1961-ci il təvəllüdlü Kəmaləddin Heydrov general-polkovnikdir. O, eyni zamanda Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidentidir. Kəmaləddin Heydərovun 1995-ci ilin yanvar ayından 2006-cı ilin fevral ayına kimi Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində də çalışdığını nəzərə alsaq, o, hakim komandada 27 ildir ki vəzifə tutur.
Siyahıda növbəti yerdə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov gəlir. Düzdür, həmkarlarına nisbətən onun nazir kimi stajı azdır. Belə ki, 1959-cu il təvəllüdlü Zakir Həsənov 9 ildir (2013-cü ildən) nazir vəzifəsində çalışır. Lakin buna qədər o, 1993–2003-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib. Daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilən Zakir Həsənov 2003–2013-cü illərdə Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsində çalışıb.
Müdafiə Sənayesi naziri Mədət Quliyev də uzun müddətdir hakim komandada təmsil olunur. O, hazırkı vəzifəsinə 2019-cu ildə təyin olunsa da, buna qədər Dövlət Təhlükəsizliyi Xidmətinin sədri (2015–2019), Milli Təhlükəsizlik nazirinin birinci müavini və səlahiyyətlərinin icraçısı, Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətinin rəisi vəzifələrində çalışıb. 1958-ci il təvəllüdlü 2011-ci ildə nazir müavini vəzifəsinə təyin olunana qədər aşağıdakı vəzifələri tutub:
1995–1996-cı illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi;
1996–2001-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini;
2001–2002-ci illərdə həmin İdarənin rəisi;
2002–2004-cü illərdə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi;
2004–2006-cı illərdə İnterpolun Milli Mərkəzi Bürosunun rəisi;
2006–2011-ci illərdə DİN Baş Mühafizə İdarəsinin rəisi.
1954-cü il təvəllüdlü Mübariz Qurbanlı isə 21 iyul 2014-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. 1954-cü il təvəllüdlü Mübariz Qurbanlı 1995–2010-cu illərdə dörd dəfə Milli Məclisə deputat seçilib. O, eyni zamanda 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının sədridir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da uzun illərdir icra strukturunda çalışan məmurlardandır. 1957-ci il təvəllüdlü mer hazırkı vəzifəsinə 2018-ci ildə təyin olunub. Buna qədər isə Eldar Əzizov 1998-ci ildən Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.
Eldar Əzizov 22 ildir ki icra hakimiyyəti struktrinda çalışır. Belə ki, o, 2000–2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, 2003–2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı, 2011–2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı, 2015–2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı olub.
Mənbə: BakuPost