Kəlbəcər rayon sakini məcburi köçkün Almasova Adilə Eyyub qızının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına etdiyi müraciətini olduğu kimi dərc edirik
Hörmətli cənab Prezident,
Siz xalqımızın rifahının yaxşılaşması üçün böyük işlər görürsünüz. Eyni zamanda, ailə üzvləriniz də səfərbər olaraq xeyriyyə işləri ilə məşğul olurlar. Ölkəmizdə hər bir sahəyə göstərdiyiniz diqqət və qayğı üçün Sizə ailəmiz adından minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq.
Sizə məlum edirəm ki, mən Almasova Adilə Eyyub qızı ixtisasca İngilis dili müəlliməsiyəm. Masazırda yerləşən 56-saylı məktəbdə İngilis dili müəlliməsi işləmişəm və 40-il əmək təcrübəm var. Lakin ürək xəstəliyindən əziyyət çəkdiyim üçün məcburi işdən ayrılmışam. Ailəmiz dörd nəfərdən ibarətdir. Həyat yoldaşım İdrisov Zahid Müzəffər oğlu ağır şəkər xəstəsidir və uzun müddətdir müalicə alır. Hal-hazırda ailəmlə birlikdə şəraitsiz iki otaqlı yataqxanada yaşayırıq. Ailəmizin acınacaqlı durumu barədə aidiyyatı təşkilatlara dəfələrlə müraciət məktubu ünvanlamişam . Mənim bildiyim qədər etdiyim müraciətlərin nəticəsiz qalmağının səbəbini aidiyyatı təşkilatların işə laqeyit yanaşmasında görürəm. Şəraitimizin acınacaqlı olması və xəstəliyim təhlükəli həddə çatması səbəbindən yaxın qohumlarımızın birgə dəstəyi və köməkliyi ilə 2016-ci il dekabır ayından etibarən Türkiyə dövlətində müalicə alıram.
Möhtərəm cənab Prezident ,
Xüsusilə, ölkəmiz milli müstəqillik əldə etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin dönəmində təhsil sahəsinə və təhsil işçilərinə xüsusi diqqət yetirilmişdir. Ulu Öndərimizin layiqli davamçısı olaraq millətimizin gələcəyi olan təhsil sahəsi və təhsil işçiləri hər zaman Sizin diqqət və qayğısınızı hiss etmişdir.
Yuxarıda qeyd etdiyim kimi , Sizin diqqət və qayğısınıza sığınaraq ölkəmizin təhsilində 40-il əmək təcrübəsi olan bir ziyalı müəllimə olaraq istəyirəm ki, vətənimə qayıdıb ömrümün qalan hissəsini doğma ailəmlə normal şəraitdə keçirim.
Cənab Prezident , Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydasına əsasən və Sizə müraciətimdə qeyd etdiklərimi nəzərə alaraq ailəmizin mənzillə təmin olunması barədə köməklik etməyinizi Sizdən xahiş edirik.
Əvvəlcədən təşəkkür edirik.