Bir neçə gün öncə "Hürriyyət"in redaksiyasına müraciət edən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1A, mənzil 23 ünvanında yaşayan Nağı Bayram oğlu Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimova məxsus olan "Global SF" MMC tərəfindən dələduzluğa məruz qaldığını, daha dəqiq desək, adıçəkilən şirkətin mənzil satmaq adı ilə onun 129 min manatını mənimsədiyini bildirib.
Belə ki, uzun illər Rusiya Federasiyasında yaşadığını, Azərbaycana gəldikdə isə burada adıçəkilən şirkətin başına olmazın oyunlar açdığını deyən Nağı Məmmədovun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-486/2020 saylı 14.02.2020-ci il tarixli icra sənədinə əsasən borclu "Global SF" MMC-dən ümumilikdə 129290 manat məbləğində pul vəsaiti tutularaq ona və həyat yoldaşı Zeynəb Eynulla qızı Məmmədovaya ödənilməlidir: "Mən və həyat yoldaşım iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişik ki, "Global SF" MMC-nin bizə 129290 manat manat borcu var. Bakı Apellyasiya Məhkəməsi isə öz növbəsində, xeyrimizə qərar çıxarıb. Həmin qərarda deyilir ki, borclu "Global SF" MMC-dən ümumilikdə 129290 manat məbləğində pul vəsaiti tutularaq mənə və həyat yoldaşıma ödənilməlidir. Həmin icra sənədi icra olunması üçün icraya yönəldilib, lakin Yasamal Rayon İcra Şöbəsi bu günə qədər sənədi icra etməkdən boyun qaçırır. Onu da qeyd edim ki, həmin icra işi üzrə mənim və həyat yoldaşımın əvvəlki nümayəndəsi Hidayət Hüseyn oğlu Hüseynli olub. Biz "Global SF" MMC-nin icra sənədini qəsdən icra etməməsi ilə bağlı dəfələrlə müxtəlif instansiyalara şikayətlər etmiş, tələbin onun əmlakına yönəldilməsi barədə icra tədbirlərinin görülməsini tələb etmişik. Ancaq "Global SF" MMC-dən həmin borc məbləğinin alınması mümkün olmayıb. Bununla belə 2021-ci ilin təxminən, may-iyun aylarında "Global SF" MMC adımızdan və imzamız görüntüsü ilə üzərində 29.04.2021--ci il tarixi qeyd olunan və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru I dərəcəli ədliyyə qulluqçusu Bəhruz Bayramova ünvanlanan ərizə təqdim edərək iddia edib ki, guya bizə olan borcunu tam şəkildə ödəyib. Və bununla da tələb edir ki, icra üzrə icraata xitam verilsin. Biz isə öz növbəmizdə, həmin ərizədən məlumatsız olduğumuzu, "Global SF" MMC-dən heç bir pul vəsaiti almadığımızı, borclu təşkilatın və onun rəhbərliyinin, eləcə də borclu tərəfdən hər hansı digər şəxsin bizə pul vermədiyini israrla bildirdik. Eyni zamanda, həmin ərizənin saxtalaşdırıldığını qeyd edib bununla bağlı Yasamal Rayon Prokurorluğuna şikayət etdik. Qeyd etdiyim kimi, bizim bu icra işində faktiki hüquqi xidmət göstərən nümayəndəmiz Hidayət Hüseyn oğlu Hüseynli olub. Odur ki, mən ondan belə bir sənədin necə ortaya çıxdığını soruşmuş, pulu almadığımız halda belə bir sənədin nə məqsədlə tərtib edildiyini izah etməsini tələb etmişəm. Çünki mən uzun müddət Rusiyada yaşamışam və latın əlifbası ilə yazıb-oxumağı bacarmıram. Adımdan bütün şikayət və digər sənədləri Hidayət Hüseyn oğlu Hüseynli tərtib edib, mənsə ona inanıb həmin sənədləri oxumadan imzalamışam. Bir məqamı da nəzərinizə çatdırım ki, "Global SF" MMC-nin rəhbəri ilə eyni kənddən olan Hidayət Hüseyn oğlu Hüseynli ilə görüşdükdə o, sözügedən sənədi tərtib etmədiyini, bundan xəbəri olmadığını bildirmiş, daha sonra isə mübahisə zəminində özündə olan bu işə aid bəzi sənədləri gözümün qarşısında məhv edərək, onun məzmununu məndən gizlədib. Onun bu hərəkəti məndə bu sənədin Hidayət Hüseyn oğlu Hüseynli tərəfindən bilərəkdən bu cür məzmunda tərtib edilməsinə, onun məni məhz "Global SF" MMC-nin sifarişi ilə aldadaraq belə bir sənədi imza etdirməsinə əsaslı şübhələr yaradıb".
"Global SF" MMC və Yasamal Rayon İcra Şöbəsi ilə mübarizə apararaq haqlı olduğunu məhkəmə qaydasında təsdiq etdiyini vurğulayan Nağı Məmmədov beləcə işin təkrar başlanmasına nail olub: "Lakin "Global SF" MMC-nin və Yasamal Rayon İcra Şöbəsi ilə əlbirliyinin yaratdığı çətinliklər hələ irəlidə imiş, mən isə bunu bilmirmişəm. Belə ki, iş təkrar icra şöbəsinə qayıtdıqdan sonra əsl süründürməçiliklə rastlaşdım. Yasamal Rayon İcra Şöbəsi məhkəmə sənədini icra etmir. "Global SF" MMC-nin rəhbərini, əsl sahiblərini şöbəyə dəvət etmir, onlardan məhkəmə qərarını icra etməyi tələb etmir, adıçəkilən şirkətin əmlaklarına həbs qoyulmur, borclu məhkəmə qərarını icra etməyə məcbur edilmir. Görəsən, Yasamal Rayon İcra Şöbəsi niyə belə üzgörənlik edir? Nə üçün "Global SF" MMC-nin nazı ilə oynayır? Və hansı məqsədlə bizi illərdir ki, süründürür? Cavabı çox sadədir! Bildirim ki, "Global SF" MMC ölkədə məşhur bir ailənin - İbrahimovlar ailəsinin şirkətidir. Belə ki, Hacı İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov, Tağı İbrahimov, Sahib İbrahimov - bu adlar hamıya tanışdır. Bax, bizi bu ailənin üzvləri aldadıb əlimizdə olan-qalan pulumuzu alıblar. Məhkəmədə min-bir əzab-əziyyətlə, onların yalan və böhtanına qarşı səbrlə mübarizə aparıb haqqımızı tanıtmışıq. Lakin bu ailə şirkəti illərdir ki, haqqımızı qaytarmır. "Global SF" MMC hər cür qərəzli davranışa, saxtakarlığa və böhtana əl ataraq pulumuzu, bizdən mənimsənilən 129 min manatını ödəməkdən yayınır".
Beləliklə, Nağı Məmmədov "Hürriyyət" vasitəsiylə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova, ədliyyə naziri Fikrət Məmmədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, ombudsman Səbinə Əliyevaya və Yasamal Rayon İcra və Probasiya şöbəsin rəisi Pərviz Zəkəriyəyevə müraciət edərək, onlardan məsələnin ciddi şəkildə araşdırılmasını, Dövlət adından çıxarılmış məhkəmə qərarlarının icrasının təmin edilməsi və ona qarşı dələduzluq edən şəxslər barəsində müvafiq tədbir görülməsi ilə əlaqədar göstəriş verilməsini xahiş edib. //"Hürriyyət"//