Məişətimizdə tez-tez kiminsə haqqında “sonradan görən deyil”, yaxud “görən ailədən çıxıb” kimi ifadələr işlədilir. Bu o deməkdir ki, barəsində söz açılan şəxs imkanlı ailədən çıxıb, ona görə acgöz deyil, özünü “görməmiş” kimi aparmır, sadə, təmkinli və s. müsbət keyfiyyətlərə malikdir. Amma nə işdirsə, bu keyfiyyətləri bir çox məmur övladlarına aid etmək olmur. Belə ki, onların bəziləri valideynlərinin dövlətdən, millətdən oğurladıqları milyonlar hesabına uşaqlıq və gənclik illərini yağ-bal içərisində keçirsələr də acgözlükdə, görməmişlikdə öz böyüklərini də keçirlər...
Mətbuatda gedən məlumatlara görə, Yeni Yasamalda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Gülnar Qurbanova şagird və kollektivlər üçün dövlət vəsaiti hesabına tikilən idman kompleksini özəlləşdirərək adı açıqlanmayan fərdi sahibkara icarəyə verib. İdman kompleksinin 1 saat üçün icarə haqqı 60 manat təşkil edir. Həmçinin, məktəb direktoru məktəbin qarşısında müəllimlərin avtomobillərinin saxlanılması üçün nəzərdə tutulan avtodayanacağı da parklanma sahəsi kimi ətrafda yaşayan şəxslərə aylıq 30 manata (bir avtomobil üçün) icarəyə verib.
Məlum olub ki, 5 ildir sözügedən məktəbin direktoru təyin edilən Gülnar Qurbanova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun qızıdır. Bu, məktəb direktorunun “fərasətinin” təsadüfi olmadığını deməyə əsas verir...
Ümumiyyətlə, nə işdirsə, Azərbaycanda məmur övladları mütləq istedadlı, bacarıqlı, uğurlu, savadlı, bir sözlə, “millətin qaymağı” olurlar. Hansına baxsan, “babat” vəzifədə oturan məmurdur, polis rəisidir, prokurordur, vergi, gömrük rəisidir, ya da “uğurlu iş adamı”dır. Məsələn, Şuşanın icra başçısının qızı, əlbəttə ki, adi müəllim ola bilməzdi, mütləq direktor olmalıydı və şuşalı pedaqoqlar, ziyalılar arasında Şuşa məktəbinə direktor təyin ediləcək ikinci bir layiqli namizəd ola bilməzdi...
Azərbaycan reallığında Təhsil Nazirliyi ən tez-tez nazir dəyişən nazirliklərdən biridir. Amma bu dəyişikliklər təhsil sahəsindəki bazar təfəkkürünü dəyişmir ki, dəyişmir. Yenə də məktəb direktorunun fikri-zikri təhsildə, tərbiyədə, şagirdlərin nailiyyətlərində yox, satılıb-alına biləcək hər şeydə - məktəbin həyətinə aid torpaq sahəsində, stadionda, idman zalında, şagirdlərin, valideynlərin cibindədir. Deməli, naziri dəyişməklə deyil, idarəetmə sistemi, yanaşma, təfəkkür dəyişməlidir...
Kasıbın balası dövlət qulluğuna düşmək üçün imtahan verir, gözünün nurunu tökür, yüksək bal toplayır, amma işə qəbul olunana qədər aylarla, illərlə süründürülür, “ehtiyat kadrlar” sırasına atılır. Amma “papanın gül balaları” üçün bu maneələr yoxdur, bir də gözünü açıb görürsən ki, ali məktəbi qurtarar-qurtarmaz “şıppıltı” ilə “yağlı” bir işə qəbul olundu...
Hələ Bayram Səfərovun özü nisbətən kiçik fiqurdur və qız övladının tutduğu vəzifə də “sən deyən yağlı vəzifə” deyil. Ramiz Mehdiyevdən Elman Rüstəmova, Əli Həsənovdan Hacıbala Abutalıbova, Vasif Talıbovdan daha kimlərə, o cümlədən bir çox hazırda vəzifədə olanlara qədər iri məmurların özlərinin mütləq mənada iri biznesləri, bankları, eləcə də onların övladlarının ya “yağlı” vəzifələri, ya da ilkin kapitalı atalarının “halal pulu” ilə formalaşan şirkətləri, biznesləri var. Nə özlərinin, nə də övladlarının puldan gözü doymur...
Şuşanın icra başçısının imkanları, biznesi yuxarıda adı çəkilənlərlə müqayisədə “xırda-xuruş alver” təsiri bağışlayır. Ancaq buna baxmayaraq, elə həmin B.Səfərova aid olduğu bildirilən obyekt və mülklərin bir qisminin mətbuatda iki il öncə dərc olunan siyahısına diqqət yetirin:
- Novxanıda yerləşən 6 milyon dollarlıq villa;
- Xətai rayonu, General Mehmandarov, ev 68 ünvanında mənzil;
- Dərnəgüldə daha bir mənzil;
- Əhmədlidəki “Leyla PALACE” Şadlıq sarayı, restoran və PUB;
- "Qala” restoranı;
- "Kosmos” Restoranı;
- Nərimanov metrosu ərazisində bir neçə obyekt;
- Nərimanov parkında yerləşən "İstanbul” kafesi;
- “La Vita Cafe and Restoran”;
- Novxanı yolunun üzərində yerləşən aqlay daş plitələr istehsal edən sexlər;
- Novxanıda mal-qara ferması;
- Fermanın yaxınlığında gön-dəri sexi;
- Binəqədidə hektarlarla torpaq;
- Sədərək, Binə bazarlarında çoxlu sayda dükanlar;
- Rufis adlı oğlunun adına "Kəklik" MMC şirkəti və sair.
Bunlar mətbuatın bildiyidir. Bu qədər obyektləri, restoranları, malı-mülkü olan bir icra başçısının məktəb direktoru olan övladının doğrudanmı 60 manata stadion, yaxud ayı 30 manata avtomobil dayanacağı icarəyə verib pul qazanmağa ehtiyacı var? Yəqin ki, yox. Sadəcə, acgözlük, talançılıq, soyğunçuluq, görməmişlik Azərbaycanın məmur zümrəsinin qanına, mahiyyətinə hopub, yaşam prinsipinə çevrilib və belə görünür ki, bu mərəz hələ xeyli vaxt öz xoşu ilə bu zümrənin canından çıxmayacaq...
Cəlal Məmmədov