Azərbaycan Yazıçılar Birliyi (AYB) 2008-ci ildən 70 nəfər üzvünə təqaüd təyin edir.
Bir il ərzində dövlət hesabına 20 gənc yazara 200 manat, 50 yaşlı yazara isə 300 manat məbləğində təqaüd hesablanır. Hər il yazıçı və şairlərə təqaüd verildikdən sonra və ya siyahı hazırlanarkən yazarlar arasında müəyyən narazılıqlar müşahidə edilir.
Təqaüd almaq istəyən, amma adını AYB-nin təqaüdçülər siyahısında görməyənlər və bəzi gənc yazarlar bu siyahının şəffaf təyin edilmədiyini qeyd edirlər. Bunu həm də 70 nəfər “Prezident təqaüdü” alan şair və yazıçıların adının açıqlanmamasında görürlər.
Bəs hazırda Prezident təqaüdü alan şair və yazıçılar kimlərdir?
Təqaüd alan şair və yazıçıların siyahısını öyrənmək üçün Azərbaycan Yazıçlar Birliyi (AYB) ilə əlaqə saxladıq.
DİA.AZ-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Xəyal Rza Cebhe.info-ya bildirdi ki, təqaüd alanların siyahısının mətbuatda yayımlanması ənənəsi yoxdur:
“Təqaüd alanlar hamısı Azərbaycan Yazıçılar Birliyinin üzvləridir. Onlar özləri aldıqları təqaüdün xəbərini paylaşırlar. Ola bilər ki, kimsə bunu paylaşmaq istəmir, buna görə də bu ənənə mövcud deyil”.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncama görə, yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu yaradılıb.
Xəbəri Facebook-da paylaş