"Şirkətlər dövlətdən zəmanət aldıqdan sonra xaricdən və daxili mənbəələrdən kredit götürülər, o kreditləri kefləri istədikləri kimi, amma vaxtlı-vaxtında yuxarıya haqq çatdırmaqla xərcləyirlər, sonra borcun ödənilməsi zamanı yetişəndə büdcədən ödəyib izi itirirlər"
"Yəni, krediti şirkət rəhbərləri "yeyir", onların "yediklərini" isə camaat öz vergisi ilə ödəyir"
"Prezident və hökumət üzvləri tez-tez Azərbaycanın xarici borcunun az olması ilə bağlı pozitiv mesajlar verirlər. Doğrudan da sırf dövlət borcu bir çox ölkədən yaxşı vəziyyətdədir, dövlət borcu 17 milyard 203,3 milyon manat, yəni, ÜDM-in cəmi 14,4%-ni təşkil edir. Amma biz illərdir hökumətə irad bildirirdik ki, hüquqi şəxslərin dövlət zəmanəti ilə aldığı borcları da dəqiq açıqlayıb risklərini hesablasınlar. İndi maliyyə nazirliyi açıqlama yayıb ki, dövlət zəmanəti ilə alınmış borcların həcmi 21 milyard 309,2 milyon manatdır, yəni, rəsmi dövlət borcundan daha çoxdur". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, belə çıxır ki, birbaşa dövlət borcunun və dövlət zəmanəti ilə alınmış borcların ümumi həcmi 38,5 mlrd. manat civarındadır : "Ki, bu heç də az deyil. Ən böyük problem isə odur ki, iri dövlət şirkətlərinin zamənətlə aldıqları borcun qaytarılması yükü dövlətin üzərindədir, o kreditlərin, borcun xərclənməsinə ciddi nəzarət yoxdur, effektivliyini ölçmək çətindir, o kreditlərin də büdcədən onlara ayrılan vəsait kimi korrupsiyaya yem olmaq ehtimalı yüksəkdir. Maliyyə Nazirliyi guya, bu təhlükəni görür, "elman rüstəmov dili"ndə açıqlama yayıb: "Dövlət zəmanəti verilmiş öhdəlik üzrə borclu olan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətlərinin bəzi hallarda qeyri-qənaətbəxş olması nəticəsində onlar tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş bu öhdəliklərə vaxtında və tam şəkildə xidmət edilə bilməməsi riskləri yaranır. Bu risklərin mitiqasiyası iki istiqamətdə həyata keçirilə bilər: operativ və uzunmüddətli". Yəni, nə konkretlik var, nə şirkət adları, nə risklərin mənbəələri, nə də qeyri-qənaətbəxş olmasının səbəbləri göstərilib".
RAEL-ın icra katibi əlavə edib ki, bunu "elman rüstəmov dili"ndən türkcəmizə tərcümə etsək, təqribən, belə səslənir: "Şirkətlər dövlətdən zəmanət aldıqdan sonra xaricdən və daxili mənbəələrdən kredit götürülər, o kreditləri kefləri istədikləri kimi, amma vaxtlı-vaxtında yuxarıya haqq çatdırmaqla xərcləyirlər. Sonra borcun ödənilməsi zamanı yetişəndə büdcədən ödəyib izi itirirlər. Yəni, krediti şirkət rəhbərləri "yeyir", onların "yediklərini" isə camaat öz vergisi ilə ödəyir".
Vazeh BƏHRAMOĞLU,