“Azərbaycan son təkliflər paketində 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan şəxslərin geri qaytarılmasının sülh müqaviləsində təsbit olunmasını tələb kimi qoyub”.
Gununsesi.info xəbər verir ki, bunu jurnalist, siyasi şərhçi Asəf Quliyev deyib.
“Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, sentyabrın 11-də Azərbaycan sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahlı qeydləri ilə birlikdə Ermənistan tərəfinə çatdırsa da, hələ də cavab yoxdur, Ermənistan sənədin öz variantını təqdim etməyi iki aydan çoxdur ləngidir. Bütün platformalarda sülh sazişinin imzalanmasına çağıran Ermənistanın bu mövqeyi maraq doğurur.
Niyə rəsmi İrəvan cavabları ləngidir?
Azərbaycan son təkliflər paketində 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan şəxslərin geri qaytarılmasının sülh müqaviləsində təsbit olunmasını tələb kimi qoyub. Bakının bu tələbi İrəvanda şok effekti yaradıb.
Azərbaycan hesab edir ki, Qərbi Azərbaycandan deportasiya olunanların geri qaytarılması regionda davamlı sülhün təminatı ola bilər. Ermənistan isə bu şərti qəbul etmək istəmir. Hazırki durumda bu şərtin qəbul edilməməsi, paralel olaraq, Azərbaycanın Qarabağı könüllü tərk edən ermənilərin geri qaytımaları ilə bağlı çağırışları Ermənistanı pat durumuna salıb. Məhz buna görə də Azərbaycanın təkliflərinə cavab verməkdə çətinlik çəkirlər”.