Bizim SÖZÜMÜZ İMZAMIZ qədər dəyərlidir və bizim şərtlərimiz qəbul olunarsa, təbii ki, tədbirlərimiz, hərbi tədbirlərimiz dayandırılacaq, bəli bu gün saat 13-də atəşkəs elan edildi. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib. Atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür”. Yəni erməni tərəfi sözünə əməl etməyib.
Fikir verdinizmi, SÖZ və İMZA... Söz şifahi şəkildə də verilə bilər, hər kəs şifahi şəkildə SÖZ verə bilər... Biri də var ki, üzərinə yazılı öhdəlik götürəsən, hansısa qarşılıqlı rəsmi sənədə İMZA atasan... Cənab Prezidentimiz dünyaya anlatmağa çalışır ki, biz nəinki RƏSMİ İMZAMIZA, hətta ŞİFAHİ SÖZÜMÜZƏ də sadiqik. Prezidentimizin bu qiymətli sözləri yadımıza böyük fransız yazıçısı Aleksandr Dümanın 150 il öncə yazdığı “Qafqaz səfəri” əsərində yazılanları yada saldı.
Qısa məlumat üçün qeyd edək ki, Aleksandr Düma (1802-1870) – dünya şöhrətli fransız yazıçısı, “Qraf Monte Kristo”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, “Qara zanbaq” və s. bu kimi məşhur əsərlərin müəllifidir. Həmin əsərlər demək olar ki, bütün dünya dillərinə tərcümə edilərək, nəşr olunmuş, ən tanınmış rejissorlar tərəfindən dəfələrlə ekranlaşdırılmışdır. Aleksandr Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar jurnalist kimi də tanınmışdır. Səyahət etməyi çox sevən Aleksandr Düma 1858-ci ilin ikinci yarısından 1859-cu ilin əvvəlinə qədər Rusiya imperiyası ərazisində, o cümlədən Qafqazda olmuşdur. Səyahətinə Peterburqdan başlayan Aleksandr Düma daha sonra Moskva, Kazan, Saratov və Həştərxandan keçməklə Qafqaza gəlmiş, burada bir sıra Azərbaycan şəhərlərində, o cümlədən Dərbənd, Quba, Bakı, Şamaxı və Nuxada olmuşdur. Yazıçı vətənə döndükdən sonra Azərbaycanla bağlı “Qafqaz səfəri” əsərini yazaraq nəşr etdirmişdir. Bu əsər 1859-cu ildə Parisdə fransızca, 1861-ci ildə Tiflisdə rusca, 1962-ci ildə Nyu-Yorkda ingiliszə çap olunmuşdur. Düma bütün əsər boyu azərbaycanlıları XIX əsrdə ən yüksək mədəniyyətə malik və sözünə bütöv bir xalq olaraq dəyərləndirmişdir.
İndi isə keçək əsas mətləbə. Aleksandr Düma öz səfərinin sonunda yazdığı əsərində deyir: “Ümumiyyətlə, burada ermənilər o qədər də yaxşı ad-san qazanmayıblar.
Yeri gəlmişkən, bu barədə mən öz fikrimi deyim: əgər azərbaycanlı sizə BAŞI ilə razılıq işarəsi verirsə, ona etibar edin. Əgər fars sizə əl verirsə, ona bel bağlayın. Əgər hər hansı bir dağlı sizə söz verirsə, buna da şübhə etməyin. Ancaq əgər hər hansı bir erməni ilə sövdələşirsinizsə, mütləq bir kağıza qol çəkdirin və iki nəfər şahid tutun ki, sonra öz imzasını danmasın... Onlar (ermənilər) naşükür və nankordurlar”. Əslində, bu cümlələrin heç bir izaha ehtiyacı yoxdur.
Fikir verdinizmi, 150 il bundan əvvəl yazıldığına baxmayaraq, bu gün də Aleksandr Dümanın dedikləri öz obyektivliyini və aktuallığını itirməmişdir. Bunu oxuculara xatırlatmaqda məqsədimiz odur ki, cənab Prezidentimizin SÖZ və İMZA ilə bağlı dedikləri genetik yaddaşdan, milli əxlaqdan, xalqımızın mənəviyyatından irəli gəlir. Məlumdur ki, 44 günlük Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra torpaqlarımız erməni işğalçılarından azad olunub, hətta Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Xankəndində Hərbi paradı qəbul edib. Amma bütün bunlara baxmayaraq Fransa Respublikasının Prezidenti Emmanuel Makron yenə də erməniləri müdafiə edir, müharibəni yenidən alovlandırmağa çalışır.
Biz Prezidentimizin sözündən irəli gələrək Makrona deyirik ki, barı öz xalqının dünyaca məşhur yazıçısı Aleksandr Dümanın “Qafqaza səyahət” əsərini oxu, gör sənin baban ermənilər haqqında nələr yazıb və biz azərbaycanlılar barəsində nələr deyib...
Bəli, ermənilər naşükür və nankordular, sözlərinə əməl etməyəndirlər...
Sözümüzün canı odur ki, böyük tarixi şəxsiyyət, böyük dövlət xadimi, böyük sərkərdə olan cənab Ali Baş Komandanımız İlham Əliyev dünya ilə onun başa düşdüyü dildə danışır və millətimizin haqq davasını dünyaya bəyan edir. Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız təkcə xalqa rəhbərlik etmir, həm də möhtəşəm tarix yazır.
Bəli, bizim son 200 ildə belə uğurumuz olmayıb. Bu gün dünya İlham Əliyevin liderlik, rəhbərlik fenomenindən danışır, onun təcrübəsindən istifadə etməyə çalışırlar. Bayatılarımızda əbəs yerə deyilmir: Əzizim, Ordubada, Yol gedir Ordubada. Sərkərdə qoçaq olsa, Heç verməz ordu bada. Bəli, Ali Baş Komandanımız, Müzəffər Sərkərdəmiz xalqı xilas etdi. Prezidentimiz dünya siyasətini müəyyən edən imperialist güc mərkəzlərinə, onların təzyiqlərinə rəğmən torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Cənab Prezidentimiz bilir ki, SÖZ-lə başa düşməyənləri mütləq DƏMİR YUMRUQ-la başa salmaq lazımdır. İnanırıq ki, cənab Prezidentimizin SÖZÜ və DƏMİR YUMRUĞU həmişə xalqımızın qarantı olacaqdır. Tanrı Prezidnetimizi və xalqımızı qorusun !
Bütün qələm əhli olan dostlarımıza bildiririk ki, biz hər zaman, hamılıqla Müzəffər Ali Baş Komandanımızın yanında olmalıyıq. Bizim yazdıqlarımız məqalələrin yüz minlərlə olan oxucuları xalqımızın qarantı olan, cənab Prezidentimizin fikirlərini bizimlə bərabər dünyaya çatdırmalıdır.
"Yeni Əkinçi" qəzetinin baş redaktoru Habil Vəliyev