Dünən Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 88-də yaşayan 1-ci Qarabağ Müharibəsi qazisi, 2-ci qrup müharibə əlili Rəsulov Abduləli Əhmədəli oğlu tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış müraciəti yaymışdıq. Şikayətdə Şəki rayonunda KOBİA-nın Şəki Regional İdarəsinin müdiri olmuş Surxay və Təhsil Nazirliyində yüksək vəzifələrdə çalışan doğma bacısı Hicran Paşayeva və Araz Paşayevlərin müdhiş əməllərindən yazan müharibə əlili Abduləli Rəsulov həm də onların geniş biznes şəbəkəsinin olduğu barədə məlumatlar da açıqlamışdı.
Aktualinfo.org Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayevə məxsus olduğu iddia edilən “Universitas-İnternational” MMC barəsində araşdırma aparmışdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNİVERSİTAS-İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.05.2017-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 55, 6-cı mərtəbə, 48-ci ofis, qanuni təmsilçisi kimi isə Mustafayev Ayaz Mustafa oğlu qeyd olunub.
Reyestrinə daxil edilmiş məlumatlarda MMC-nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, KOROĞLU RƏHİMOV, ev 13A, mənzil 125, qanuni təmsilçisi isə 18.05.2017-ci ildən 01-17-2022-ci ilə qədər Paşayev Araz Nadir oğlu olub.
Məlum olduğu kimi Araz Paşayev Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədridir. Təhsil Tələbə Krediti Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il 1367 saylı fərmanı əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır. Təhsil Tələbə Krediti Fondunun sədri təyin olunduqdan sonra MMC-nin qanuni təmsilçisi kimi Ayaz Mustafayevi formal təmsilçi kimi təqdim edərək çox güman ki, təsisçilik hüququnu da özündə saxlamışdır.
Əldə etdiyimiz məlumata görə dövlət qeydiyyatına alınandan sonra “Universitas-İnternational” MMC bir sıra dövlət qurumları tərəfindən keçirilmiş onlarla açıq tenderlərin qalibi olub ki, onlardan bəziləri xüsusilə diqqət çəkir.
Məsələn, MMC 2020-ci ildə zərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə kiçik və orta biznesin tədris və konsaltinq platforması üçün təlim videolarının hazırlanması xidməti, KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri üzrə iki satınalma müqaviləsi bağlayıb ki, tenderlərin ümumi dəyəri 566 671 manat təşkil edib.
Yenə də 2020-ci ildə “Universitas-İnternational” MMC və “Nur-SS” MMC konsorsiumu Dövlət Məşğulluq Agentliyi ilə 5.976.966 manat məbləğində satınalma müqaviləsi bağlayıb ki, Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi daşıyıb. Sözügedən Agentliklə MMC arasında bir müqavilə də 2022-ci ildə “Gənclərin məşğulluq imkanlarının artırılması” təcrübə proqramı çərçivəsində iş və xidmətlərin satın alınması üzrə bağlanılıb ki, dəyəri 286.381,03 manat təşkil edib.
MMC 2021-ci ildə yenə də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Bakı, Sumqayıt şəhərləri və Quba rayonunda “KOB Fest” satış sərgilərinin təşkili xidmətlərinin satın alınması üzrə 260.003,56 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Elə həmin il KOBİA ilə bir müqavilə də Sumqayıtda KOB-lara və startaplara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri”nin satın alınması üzrə bağlanılıb ki, onun da dəyəri 275.341,2 manat təşkil edib.
“Universitas-İnternational” MMC-nin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qəbələ-Oğuz rayonlarında Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi məqsədi ilə 2022-ci ildə bağladığı satınalma müqaviləsinin dəyəri isə 119.699,2 manat olub.
Göründüyü kimi, “Universitas-İnternational” MMC 2020-2022-ci illərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə ümumi dəyəri 1 221 714 manat olan 5 satınalma müqaviləsi bağlayıb.
“Universitas-İnternational” MMC-nin Dövlət Turizm Agentliyi ilə bağladığı satınalma müqavilələri də diqqət çəkir. 2023-cü ilin 16-18 mart tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendlərinin quraşdırılması işlərinin satın alınması üzrə 121.121,1 manat, regional səviyyədə turizm sorğusunun aparılması xidmətlərinin satın alınması üzrə 56.389,84 manat məbləğində satınalma müqavilələri də Dövlət Turizm Agentliyi ilə MMC arasında 2023-cü ildə bağlanılıb.
Qeyd edək ki, açıq internet resursları üzərindən apardığımız araşdırmalarda “Universitas-İnternational” MMC-nin keçirdiyi seminar və təlimlərlə bağlı çox az sayda məlumatlar var. Maraqlıdır, Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ayırdığı milyonlarla manat dövlət vəsaiti hara xərclənib?
Açıq internet resursları üzərindən apardığımız araşdırmalarda məlum oldu ki, Universitas-İnternational” MMC-yə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunması barədə elektron media məlumat yayıb.
Protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.İş Bakı şəhər Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın icraatında olub və 19.07.2023-cü ildə məhkəmə prosesi keçirilib.
Göründüyü kimi “Universitas-İnternational” MMC ölkə ərazisində təlimlərin, seminarların keçirilməsi məqsədi ilə dövlətin ayırdığı pulları xaricə köçürməklə məşğul olub. Amma “Universitas-İnternational” MMC-nin direktoru kimi keçirdiyi seminarlarda biznes sektorlarında iştirakçılara gələcəkdə onların peşə inkişafının təmin edilməsi, satış hədəfləri ilə bağlı prioritetlərinin düzgün təşkili, şirkətdə faydalılıq əmsalının düzgün qurulması, düzgün starteji planlama və bu kimi məsələlər üzrə beynəlxalq təcrübə və yanaşmalar haqqında geniş məlumatlar verib.
Bəs necə olur ki, biznes təlimatları verən Araz Paşayev rəhbəri olduğu şirkətə adi bir veb səhifə belə yaratmayıb? Onu bundan soruşan olubmu görəsən? Görsənən odur ki, Araz Paşayevin məqsədi dövlətin ayırdığı pullarla təlimlər, seminarlar keçirmək deyil, silmək olub.
Bəs barəsində heç bir məlumat olmayan, ən azından bir veb səhifəsi belə olmayan “Universitas-İnternational” MMC dəyəri milyonlarla ölçülən tenderləri necə udub? Əlbəttə ki, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev və ona havadarlıq edən şəxslərin hesabına.
Qeyd edək ki, vaxtı ilə Araz Paşayev Azәrbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin alt strukturu olan Şәki KOB İnkişaf Mәrkәzində də çalışıb. Ona məxsus “Universitas-İnternational” MMC-nin elə KOBİA tərəfindən keçirilmiş tenderlərin qalibi çıxması gizli sövdələşmələrin nəticəsi ola bilər.
Aktualinfo.org