Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan bir qrup sakin Femida.az saytına müraciət edib. Qəsəbə sakinləri müraciətlərində sususzluqdan şikayətləniblər. Sakinlər iddia edir ki, evlərinə su çəkilməsinə qəsəbənin bələdiyyə sədri Ramil Orucov və Abşeron Rayon İcra Hakimiyyətinin Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müseyib İbrahimov mane olur.
Sayta müraciət edən qəsəbə sakini Kifayət Xəlilova bildirib ki, 2007-ci ildən Hökməli qəsəbəsində yaşayır. Onun sözlərinə görə, evinin yaxınlığından su xətti keçsə də bu günə kimi sakinlər sudan istifadə edə bilmir. K. Xəlilova bildirib ki, qəsəbənin içərisindən keçən ana xəttən su götürmək üçün Azərsu ASC-yə rəsmi şəkildə müraciət edib. Həmin müraciət əsasında texniki şərtə əsasən su xətti çəkilməsinə icazə verilib. Buna baxmayaraq Hökməli bələdiyyəsinin sədri Ramil Orucov və Abşeron Rayon İcra Hakimiyyətinin Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müseyib İbrahimov mənzilləri su xəttinə qoşulmağa mane olur. Bu isə sakinlərlə vəzifəli şəxslər arasında insidentə səbəb olub.