Son günlər ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr gedir. Milli Məclisin deputatı Qüdrət Həsənquliyev keçici parlamentin formalaşdırılması versiyasını irəli sürüb. O bildirib ki, keçici parlamentdən sonra sonra referendum, ardınca isə yenidən MM-ə seçkilər ola bilər.
Sitat:
“Çünki ölkədə köklü Konstitusiya islahatları aparılmalıdır. Biz çatdıra bilmədik, amma referendum keçirilməlidir. Yeni Konstitusiyada da parlamentin rolu artırılmalı, deputatların sayı çoxaldılmalıdır. Deputatların sayını ən azı 151 etmək olar. Hesab edirəm ki, yay aylarında yeni parlamentin formalaşmasından sonra 2025-ci ilin sonlarında və yaxud 2026-ci ilin əvvəlində yeni Konstitusiya qəbul olunmalıdır”, – deyə Q.Həsənquliyev əlavə edib.
Milli Məclisin deputatı Zahid Oruc Globalinfo.az-a açıqlamasında deyib ki, referendumun bu il keçiriləcəyi ilə bağlı dəqiq məlumat yoxdur:
“Deputat Qüdrət Həsənquliyev uzun illər siyasi həyatda aktivliyi ilə seçilən, dövlət ideallarına malik, parlamentdə konstitusion xarakterli məsələlərə qiymət verən, dərin hüquqi analizlər aparan şəxsdir. O, həmkarlarından bir çox parametrlərinə görə fərqlənir. Bu baxımdan dediyi fikirlər də diqqətçəkəndir.
Ümumiyyətlə, seçkilərin nə zaman keçiriləcəyinin konstitusiya ilə müəyyən edilməsi doğru deyil. Dünyanın onlarla ölkəsində bu məsələ yalnız məcəllənin predmentidir. Məcəlləyə uyğun olaraq təyin edilir”.
Zahid Oruc
Deputatın fikrincə, Azərbaycanda müəyyən çoxluq COP29, bələdiyyə və parlament seçkilərinin eyni anda sinxronluğunun necə aparılacağı ətrafında düşünür:
“Milli Məclisin keçid forması 1990-cı illərin əvvəllərində gerçəkləşə bilərdi. O dövrdə ölkəmizin müstəqilliyi həddindən artıq kövrək dövrünü yaşayırdı. Prezident üsul-idarəsi yeni tətbiq olunmuşdu. Yəni Sovet idarəçilik sistemi tamamilə dəyişdirilirdi. Hazırda isə hər üç hakimiyyət qolunun dəqiq sərhədləri konstitusiyamızda müəyyənləşdirilib”.
Z.Orucun sözlərinə görə, Azərbaycan dövlət institutları tam şəkildə fəaliyyəti göstərir:
“Növbəti parlament öz siyasi və hüquqi səlahiyyətlərini növbəti dövr ərzində yerinə yetirməyə qadir səviyyədə formalaşacaq”.
Safura Bənnayeva