Həbsdə olan müğənni Fədayə Laçın sabah - oktyabrın 29-da, səhər saatlarında azadlığa çıxacaq.
Bu barədə müğənninin bacısı İlahə Fəda bildirib.
“Əslində Fədayə oktyabrın 28-də çıxmalı idi. Lakin sonradan qərara əsasən ayın 29-da, səhər saatlarında çıxacaq. Hazırda həyəcanlı şəkildə evdə hazırlıqlara başlamışıq. Sevincimizin həddi-hüdudu yoxdur”, - İlahə Fəda bildirib.
İlahə Fəda onların ailəsinə dəstək olan hər kəsə təşəkkür edib: “Fədayənin tezliklə azadlığa çıxması ilə bağlı hər kəs, o cümlədən həmkarları, adi vətəndaşlar zəng edərək, göz aydınlığı verdilər. Bu neçə gündə dostlarımızın da sayı çoxaldı. Həmçinin mətbuat da hər zaman yanımızda oldu. Doğrudur, bəziləri reytinq xətrinə neqativ, doğru olmayan, qınayıcı məlumatlar yazdı. Amma hamısına çox sağ ol deyirəm”.
Xatırladaq ki, ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci ildə çıxardığı hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə F.Laçının cəzası 2 ilə endirilib. Bundan başqa, Kanvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.
Beləliklə, həbsdə olan müğənninin 2 illik cəzası bu il oktyabrın 29-də başa çatacaq və müğənni azadlığa qovuşacaq.
Qeyd edək ki, müğənni və digərləri xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs edilib. Hadisələrin gedişatından məlum olmuşdu ki, sənətçi “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovla bir neçə il sevgi münasibətlərində olub. Mətbuatda yayılan məlumatlara görə, Nəsimi Rayon Məhkəməsində müğənni özü bunu etiraf edib. Hətta müğənninin həbsindən sonra onun “Qoca”nın əlindən tutaraq ona “Ölürüm, ölürüm... ” mahnısını ifa etməsi ilə bağlı videogörüntülər yayılmışdı. (Musavat.com)