Son zamanlar məktəblər əsasən qalmaqallarla yadda qalır.
Belə ki, məktəb direktorunun müəllimləri təhqir etməsi, müəllimlə valideynin gərginliyi, bir şagirdin digərinə xəsarət yetirməsi kimi hallar artır. Belə problemlərdən biri də Biləsuvar rayon Günəşli kənd məktəbində qeydə alınıb.
Sosial şəbəkədə yayılan müraciətdə həmin məktəbdə xadimə işləyən Zəhra Ağayeva qanunsuzluqla üzlədiyini deyib:
“Mən Biləsuvar rayonu Günəşli kənd məktəbində xadimə işləyirdim. Məktəbin direktoru Nərmin Nəbiyeva məni qanunsuz işdən çıxartdı. Mən Əmək Müfəttişliyinə müraciət edəndən sonra müfəttişlik direktoru 1500 manat cərimə etdi və mənim işimə bərpa olunmağımla bağlı qərar verdi.
Amma Nərmin Nəbiyeva məni işimə bərpa etmədi. Biləsuvar rayon Məhkəməsi də mənim işimə bərpa olunmağımla bağlı qərar versə də, direktor yenə məni işimə bərpa etmədi və apellyasiyaya baş vurdu. Hazırda iş Apellyasiya Məhkəməsindədir. Mənim öhdəliyimdə üç qız övladı var. Onlardan biri 3 yaşa qədərdir, bir qız övladım üçüncü qrup əlildir. Onların xəstəliyinin xəclərini, evin ehtiyaclarını ödəyə bilmirəm. Məhkəmələr uzun çəkir və çox vaxt aparır, belə olanda da ailəmin maddi ehtiyacları və dərman xərcləri daha da çoxalır.
Bayramqabağı mən uşaqlarıma bir şey ala bilmirəm, övladlarım qarşısında xəcalətliyəm. Niyə direktor məni işimə bərpa etmir? Ondan dəfələrlə şikayət etsək də, Şirvan-Salyan Regional Təhsil İdarəsi və Biləsuvar rayonu üzrə təhsil sektoru onu qoruyur, şikayətləri bağlayır, haqqında heç bir tədbir görmür. Kollektivdən neçə nəfər ondan şikayətçi olsa da, nəticə dəyişmir. Mən əm də şəhid bacısıyam”.
Məsələ ilə bağlı “Cebheinfo.az” Zəhra Ağayeva ilə əlaqə saxlayıb. O, işdən azad olunma səbəbini belə izah edib:
“Məktəbdə siniflər bağlandı deyə ixtisarlar oldu. Amma mən ixtisar edilməməli idim. Çünki birincisi şəhid ailəsiyəm, ikincisi, 3 yaşa qədər körpə uşağım var, üçüncüsü, üçüncü qrup əlil uşağım var, dördüncüsü, öhdəliyimdə 14 yaşa qədər üç uşaq var. Məni işdən çıxartmamalı idi. Elə buna görə də müfəttişlik və məhkəmə işə bərpa qərarı verdi. Amma yenə də işi uzadır və məni işimə bərpa etmir”.
Baş verən problemin həlli ilə bağlı Elm və Təhsil Nazirliyindən “Cebheinfo.az”-a bildiriblər ki, məsələ məhkəmə müstəvisində həll ediləcək:
“İş hazırda Apellyasiya Məhkəməsindədir. Məhkəmənin qərarına uyğun olaraq addım atılacaq”.
Cebheinfo.az
