"Dünyada elmin inkişafına dair layihələr işlənilir, strategiyalar qəbul olunur. Bunun fonunda bizdə nə baş verir: Vaxtilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tacı sayılan Fizika İnstitutundakı mövcud vəziyyət, sən demə heç ürəkaçan deyilmiş..."
Bunları millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev “feysbuk” statusunda yazıb.
Deputat AMEA-nın yanvarın 8-də keçirilən iclasındakı qərarını sosial şəbəkədəki hesabında paylaşaraq, ondan sitat gətirib: "Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil¬məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparılmaması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub..."
E.Əliyev yazır ki, institutun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini akademik Cavad Abdinov, institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər: "Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib. Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib".
Deputat vaxtilə bu institutdakı maxinasiyalar barədə yazdığını xatırladır: "Təcili Fizika İnstitutuna "Elmin İnkişafı Fondu"ndan verilən fantastik rəqəmlərlə ifadə olunan qrant layihələrinin icrası da yoxlanılmalıdır. Birinin məbləği 3 milyon manat idi. Həmin vaxtlar Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədri akademik Ramiz Mehdiyev idi..."