Xəbər verildiyi kimi, dünən Ermənistanda hərbi çevrilişə cəhd olunub. Belə ki, Ermənistan ordusunun Baş Qərargah rəisi Onik Qasparyan və daha bir neçə general baş nazir Nikol Paşinyanın istefasını tələb edirblər. JAMAZ.İNFO xəbər verir ki, Paşinyanın “İsgəndər” raketləri ilə bağlı verdiyi açıqlamadan sonra onu ələ salan açıqlamalar verən Baş Qərargah rəhbərliyi bir neçə saat sonra istefaya göndərilib.
Qeyd edək ki, Ermənistan hökuməti Onik Qasparyan və başının dəstəsini dövlət çevrilişi etməkdə ittiham edib. Onlara qarşı cinayət işinin açılacağı gözlənilir. Lakin hazırda gərginlik davam edir və Paşinyan Rusiyanın maraqlarını müdafiə edən erməni generallarını cəzalandırmaq üçün hüquqi əsaslar axtarır.
JAMAZ.İNFO xəbər verir ki, erməni mənbələri hərbi çevriliş cəhdinin arxasında dayanan detallarla bağlı maraqlı məlumatlar yayıblar. Həmin məlumatlara görə, Onik Qasparyan və onunla həmfikir olan generallar Paşinyanı devirdikdən sonra daxildəki prosesləri nəzarətə almaq, qısa müddət ərzində ordunu toplayaraq, Qarabağa göndərmək fikrində olublar. İddia olunur ki, Qasparyan və korpus komandirlərinin bununla bağlı planları olub və məqsəd Qarabağda hərbi əməliyyatları yenidən başladıb, daxili auditoriyanın diqqətini bu şəkildə yayındırmaq istəyiblər.
Maraqlı detallardan biri də odur ki, Ermənistan Ordusunun Qarabağa göndərilməsi və yeni müharibənin başlanmasını təşviq edənlər sırasında Robert Koçaryan və Serj Sarkisyan da olmalıymış. Belə ki, onlar Qasparyanın planını dəstəkləyərək, Qarabağa qoşun göndərilməsi və müharibənin başladılmasını “Ermənistan ordusunun qüurunu geri qaytarmaq” kimi qiymətləndiriləcəkmişlər.
Qeyd edək ki, Onik Qasparyan və bir sıra erməni generalları Rusiya xüsusi xidmətinə bağlı şəxslər hesab edilir. Elə Koçaryan və Sarkisyan da bu statusdan xali deyillər. Yəni, onlara da rusların dəstək verdikləri sirr deyil. Lakin bu məlumatlardan anlaşılmayan bir məqam odur ki, noyabrın 10-da sülh bəyanatı imzalatdıran, Qarabağa sülhməramlı adı ilə qoşun yeridən Rusiya, təkrar müharibəyə hansı əsaslarla gərək görüb? Çünki Rusiya illərdən bəri arzuladığı ən böyük planlarından birini həyata keçirib və Azərbaycan ərazisində hərbi baza yaradıb. Onun Qarabağda qalması 5 il müddətini əhatə edəcək və bu müddət nisbidir. Ona görə ki, sülhməramlı adı altında Qarabağa yerləşmiş rus ordusunun oradan çıxarılması çox çətin olacaq. Daha doğrusu, rusların Qarabağdan çıxamaq kimi hər hansı fikirləri yoxdur. Belə olan təqdirdə, öz agent şəbəkəsi vasitəsi ilə yenidən müharibəyə start verməyin nəyə hesablandığı kifayət qədər maraqlıdır.