Türkiyənin yeni “Sipər” raket sistemi ötən günlərdə uğurla sınaqdan keçirilib. Raket ilk atışında 100 km-dən çox məsafədə hədəfi vurub.
Teleqraf.com xəbər verir ki, hərbi-siyasi mütəxəssislər “Sipər”i ABŞ-ın “Patriot”, Rusiyanın S-400 kimi müdafiə sistemləri ilə müqayisə edirlər.
İstefada olan general Ərdoğan Karakuş Türkiyənin bu raketlə “Patriot”u “ələ keçirdiyini” deyib:
“Uzunmüddətli səylər nəticəsində bu nöqtəyə çatmağımız Türkiyə üçün çox vacibdir. Bu sistemləri çox qısa müddətdə S-400 raketlərinin olduğu nöqtəyə gətirə bilərik. Artıq “Patriot”lara ehtiyacımız olmaya bilər. Bu texnologiya “Patriot”a bərabərdir”.
Sistemin qısa müddətdə kütləvi istehsalının başlayacağını bildirən general bunun qeyri-adi uğur olduğunu söyləyib:
“100 kilometrdən irəli o deməkdir ki, bundan sonra bizi təhdid edənlər düşünməlidir. Əgər bu, Ukraynanın əlində olsaydı, strateji infrastrukturunu hədəfə alan Rusiyanı asanlıqla dayandıra bilərdi. Məsələn, infrastruktur obyektlərinə yönələn raketləri zərərsizləşdirə bilərdi, onda Ukraynada elektrik enerjisi, suyun kəsilməsi, istiliklə bağlı heç bir problem olmayacaqdı. İndi Türkiyəni düşünün, təhlükə qarşısında buna nail oldu. İllərdir bu günü gözləyirdik. Türkiyənin təhlükəsizliyi daha da güclənir”.
Təhlükəsizlik siyasəti üzrə mütəxəssis Mete Yarar da o fikirdədir ki, “Siper” heç də dünyanın ən qabaqcıl müdafiə sistemlərindən geri qalmır:“Altı il ərzində aşağı, orta və yüksək hündürlüklərdə hava hücumundan müdafiə sistemlərində önəmli irəliləyiş əldə etmişik. Radar texnologiyasının ASELSAN tərəfindən qısa müddətdə bu nöqtəyə gətirilməsi iki il ərzində S-400 kimi bir sistemə sahib olacağımızı göstərir”.
Yararın fikrincə, hava hücumundan müdafiə sisteminin bütün hissələrinin yerli olması Türkiyənin xarici siyasətdə də gücünü təmin edəcək: “Təhdidi nə qədər uzaq tuta bilməyimiz vacibdir. Təhlükə sizə çatmadan əngəllənməlidir”.
“Sipər”i qiymətləndirən isimlərdən biri də terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağardır. Türkiyənin yeni raketini “Patriot”la müqayisə edən Ağar bunun Amerika sisteminin qabaqcıl modellərinə bərabər hava hücumundan müdafiə sistemi olduğunu bildirib.
Onun sözlərinə görə, Türkiyə öz silah sistemləri ilə alçaq, orta və yüksək hündürlükdən gələ biləcək bütün raket və təyyarələrin qarşısını almaq üçün çəkindirici vasitə əldə edib.
Ağar “Sipər”in mənzilinin 100 km-dən çox olmasına diqqət çəkib: “İndi mənzili 100 km-dən çoxdur. Bu o deməkdir ki, radar aşkarlama sistemləri yaxınlaşan döyüş təyyarəsini, raketi və ya PUA-nı bundan çox uzaq məsafədən də görə biləcək”.
Müəllif: Mənsur Rəğbətoğlu