Baş Prokurorluq tərəfindən internet informasiya ehtiyatlarında qanunvericiliklə yayılması qadağan edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması və infromasiya təhükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, “Hürriyyət” qəzetinin baş redaktoru Məmmədov Vüqar Tofiq oğlu və Məmmədov Elnur Teymur oğlu tərəfindən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
“Aşkar edilmiş hüquqpozmalarla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmə qərarı ilə Vüqar Məmmədov və Elnur Məmmədov 1 ay müddətinə inzibati qaydada həbs edilib” – məlumatda qeyd olunur.
Qeyd edək ki, Elnur Məmmədov ehtiyatda olan polkovnikdir. O, ötən ilin oktyabrında 6 aylıq həbs olunmuşdu.
Həbslə bağlı hurriyet.az isə yazıb ki,
baş redaktorun və polkovnikin hansı məhkəməyə aparıldığı ilk öncə gizli saxlanılıb.
Belə ki, onların gah Binəqədi Rayon Məhkəməsinə, gah da Nərimanov Rayon Məhkəmsinə aparıldığı bildirilib. Ancaq hər iki məhkəmə deyilən informasiyanı təkzib edib. Saatlar sonra isə Nərimanov Rayon Məhkəmsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə V.Məmmədov qanunsuz və əsassız olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388.1.1.1-ci maddəsi ilə (İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizə edilməsi qaydaları əleyhinə olan inzibati xətalar) 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Elmar