Perekeşküldə Akif Axundovla Müşfiqabad bələdiyyəsinin rəhbərliyi hər cür qanunsuzluqlara qol qoyublar
Hörmətli izləyicilər!
Bir neçə ay bundan əvvəl gundemxeber.az xəbər portalının redaksiyasına Bakı şəhəri, Qaradağ rayonu ərazisində, hansı ki, Abşeron rayonunun Perekeşkül qəsəbəsinə yaxın sahədə yerləşən, həmçinin Müdafiə Nazirliyinin tabeliyində olan “N” saylı hərbi hissənin təlim keçdiyi ərazilərdəki torpaq sahələrinin, heç bir rəsmi vəzifəsinin olmadığı bildirilən Akif Axundov adlı şəxs tərəfindən kənar sakinlərə satılması barədə sensasion məlumatlar daxil olmuşdur. Daxil olan məlumatlarda bildirilir ki, bu şəxs qeyd olunan ərazilərdəki torpaq sahələrini satışa çıxarərkən Qaradağ rayonu, Müşfiqabad bələdiyyəsi ilə işbirliyinə girir və həmin sahələrə formal da olsa bələdiyyədən sərəncam əldə etməyi bacarır.
Baş verənlər onu söyləməyə əsas verir ki, Akif Axundovla Müşfiqabad bələdiyyəsinin rəhbərliyini, bu gün də Azərbaycan ordusunun hazırlıq göstəricisinin necə olub-olmaması o qədər də düşündürmür. Yəni, bu şəxslər üçün pul qazanmaq, külli miqdarda var-dövlətə sahib olmaq və s. hər şeydən üstün tutulur. Qeyd edək ki, bu yöndə məlumatlar redaksiyamıza daxil olduqdan sonra, suallarımızı Akif Axundovun WhatsApp nömrəsinə göndərdik və ondan məsələlərə münasibət bildirməsini xahiş etdik. Çox təəssüflər olsun ki, bu şəxs məsələlərə münasibət bildirmək əvəzinə daha çox susmağa üstünlük verdi. Elə ki, Akif Axundovun qol qoyduğu digər əməllərlə bağlı redaksiyamıza başqa-başqa şəxslər tərəfindən də əlavə müraciətlər daxil oldu, o halda məcbur olub qeyd olunan əraziyə baş çəkməli olduq.
Tərəfimizdən apardığımız jurnalist araşdırmaları zamanı bəlli oldu ki, Akif Axundovla Müşfiqabad bələdiyyəsi rəhbərliyinin düzüb-qoşduqları işbirliyi sayəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid torpaq sahələri, kənd təsərrüfatı təyinatlı torpaq sahələri, eyni zamanda Müdafiə Nazirliyinin tabeliyində olan “N” saylı hərbi hissənin təlim keçdiyi ərazilərdəki torpaq sahələri satılmışdır.
Satılmış torpaq sahələrində ayrı-ayrı şəxslər yaşıllıqları məhv etmişlər, özləri üçün fərdi yaşayış evləri, ictimai-iaşə obyektləri, kiçik müəssisələr, mal-qara saxlamaq məqsədilə fermalar və s. inşa etmişlər. Apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Akif Axundov qeyd olunan ərazidə üç nəfər şəxsə 71 sot torpaq sahəsi satmış və bunun qarşılığında o, onlardan 30 min manat nəğd pul, bir ədəd dövlət nömrə nişanı 90-TD-916 olan “Hyundai Acssent”, bir ədəd dövlət nömrə nişanı 90-VS-440 olan “Volksvagen Passat”, əlavə bir nəfər şəxsdən isə dövlət nömrə nişanı 77 –EK- 056 olan minik avtomobili alır. Bu da ümumilikdə 74 000 manat məbləğində pul vəsaiti edir.
Bütün bunlara baxmayaraq, 11 avqust 2023-cü il tarixdə Qaradağ RİH tərəfindən əraziyə ağır texnika gətirilir və aparılmış tikinti işləri dağıdılır. Həmin vaxt nəğd pul, avtomobil verib torpaq sahəsi alan şəxslər RİH-nin əməkdaşlarına “Biz torpaq sahəsini Akif Axundovdan almışıq” desələr də, bunun heç bir nəticəsi olmur. Akif Axundov isə üzə çıxmır, bir növ qaçıb gizlənir. Deməli, torpaq sahəsi alan şəxslərin olmazın oyuna düçar olmalarının kökündə Akif Axundovla Müşfiqabad bələdiyyəsi rəhbərliyi xüsusi rola malik olurlar.
Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, belə bir qanunsuzluq əməllərinə qol qoyularkən “N” saylı hərbi hissənin komandanlığı susur, Qaradağ RİH Aparatı vaxtında qabaqlayıcı tədbirlərini görmür, digər dövlət qurumlarının səlahiyətliləri isə məsələlərə seyrçi münasibət bəsləyirlər?
Demək, həmin qurumlarda çalışanları ölkəmizin gələcəyi, ordumuzun döyüş qabiliyyətinin göstəricisi və digər amillərin varlığı heç bir halda düşündürmür. Əgər düşündürsəydi, o halda onlar Akif Axundovla Müşfiqabad bələdiyyəsi rəhbərliyinin qeyri-qanuni addımlarına qarşı qəti etirazlarını bildirərdilər.
Hörmətli oxucular!
İndi isə ərazidə həyata keçirdiyimiz video-çəkilişi və məsələrlə bağlı Akif Axundovla aramızda olan telefon danışıqlarının səsyazısını sizlərə təqdim edirik. Məsləhətdir ki, hər kəs video-çəkilişə nəzər-diqqət yetirsin və təqdim etdiyimiz səsyazısına diqqətlə qulaq asıb, bəlli münasibətini də ifadə etsin.
Mövzuya qayıdacağıq. //gundemxeber.az//