BMT-nin Beynəlxalq Məhkəməsi qərar çıxarıb ki, Azərbaycan Qarabağı tərk etmiş və qayıtmaq istəyən ermənilərə şərait yaratmalıdır.
Rəsmi Bakı bunu etməyə hazır olduğunu əvvəldən bəyan edib. Buna baxmayaraq, “Azərbaycan ermənilərin geri qayıtmasını təmin etməlidir” məsələsi mütəmadi olaraq gündəmə gətirilir. Erməni əhalisi isə geri qayıtmaq niyyətində deyil, əslində onları “qaçqın” elan edən rəsmi İrəvan da siyasi və iqtisadi maraqlarına görə bunu istəmir. Burada məqsəd “Qarabağın erməni əhalisindən” Bakıya qarşı təzyiq aləti kimi istifadə etməkdir.
Qərarda diqqətçən bir məqam da var: Azərbaycan Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, şəxsiyyətini təsdiq edən sənədlərin və xüsusi mülkiyyət sənədlərinin saxlanmasını təmin etməlidir.
Birincisi, erməni əhalisinin şəxsiyyətini təsdiq edən sənəd Ermənistan pasportu və qondarma rejimin saxta “pasportları”dır: ermənilər özləri ilə sənədlərini də aparıb, bu baxımdan, həmin sənədlərin Azərbaycan tərəfindən saxlanılması praktiki olaraq mümkün deyil;
İkincisi, Azərbaycanın suveren ərazisində başqa ölkənin və qondarma rejimin “pasportunun” mövcudluğu beynəlxalq hüquqa uyğun gəlmir və bu amil BM-nin qərarında bu tələbi kağız üzərində “qeyd” olaraq saxlayır;
Üçüncüsü, erməni əhalisinin xüsusi mülkiyyət sənədləri özlərində olduğu kimi, onların bu hüquqa malik olması da şübhəlidir, çünki bu əhalinin böyük hissəsi işğal dövründə Azərbaycan ərazisinə qanunsuz köçürülüb və öz qovulan azərbaycanlıların mülklərini ələ keçiriblər;
BM-nin qərarı praktiki müstəvidə nəyisə dəyişmək gücündə deyil. Lakin qərara əsasən Azərbaycan 8 həftə ərzində ermənilərin hüquqlarının təmin edilməsi və görülən tədbirlər barədə BM-yə hesabat təqdim etməlidir. Rəsmi Bakı hesabata işğal dövründəki qanunsuz köçürmələri, gedən ermənilərin böyük hissəsinin Qarabağa aidiyyətinin olmadığı faktlarını, o cümlədən, ermənilənin mənimsədiyi mülklərin azərbaycanlılara məxsus olduğuna dair sənədləri daxil edə bilər.
Müəllif: Asif Nərimanlı