"Döyüş meydanında vəziyyət olduqca çətindir".
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda panel çıxışında deyib.
NATO Baş katibi nikbinlik üçün səbəblər barədə də danışıb: "2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı tam miqyaslı işğal hücumuna başladı və əksər ekspertlər Rusiyanın bir neçə gün içində Kiyevi götürəcəyini və bir neçə həftəyə bütövlükdə Ukraynaya nəzarəti ələ keçirəcəyini bildirirdi. Ancaq bu baş vermədi və bunun əksi oldu, Ukrayna qüvvələri Rusiyanı geri oturdaraq şimalda, cənubda və şərqdə torpaqlarını azad etdi, Qara dənizdə böyük qələbə qazanaraq gəmiləri üçün dəhliz açdı. Onlar Rusiyanın hava qüvvələri və dəniz qüvvələrinə ciddi zərbələr vurublar, bunlar da Ukrayna üçün böyük hərbi qələbələrdir. Ən vacib məqam isə odur ki, Ukrayna suveren bir ölkə kimi öz mövcudluğunu saxladı. Rusiya isə uduzur, bu isə o deməkdir ki, onlar müharibə ilə qazanmaq istədiklərini itirdilər, yəni Ukraynaya nəzarəti itirdilər. Ukrayna xalqı bugünkü qədər heç vaxt Rusiyaya güvənini itirməyib, onlar artıq Qərbin bir hissəsi olmaq istəyir, Aİ üzvü olmaq istəyir və Ukrayna NATO-ya heç olmadığı qədər yaxınlaşıb. Bu isə Rusiya üçün böyük itkidir".
Baş katib Stoltenberq NATO-nun Ukraynaya dəstəyi barədə də danışıb. "Mən inanıram ki, NATO müttəfiqləri Ukraynaya dəstək verməyə davam edəcək. Ukraynaya dəstək vermək xeyriyyə işi deyil, bu bizim öz təhlükəsizliyimizə sərmayə qoymaq deməkdir. Biz Ukraynanı yanında olmağa davam etməliyik. Müəyyən bir mərhələdə Rusiya başa düşəcək ki, o, ağır bədəl ödəyir və ədalətli sülh üçün masaya oturacaq", NATO Baş katibi əlavə edib.