“The New York Times” qəzeti mayın 15-dən 16-na keçən gecə Ukrayna ordusunun ATACMS raket zərbələrindən sonra Krımdakı Belbek aerodromunun yeni peyk görüntülərini dərc edib.
Qəzetin araşdırmaçı jurnalisti Kristian Tribert fotoları təhlil edərək bu qənaətə gəlib ki, hücum nəticəsində Rusiya ordusunun itkiləri bunlardır:
- 2 ədəd MiQ-31 ("Kinjal" daşıyıcısı) təyyarəsi
- 1 ədəd MiQ-29 təyyarəsi
- 1 ədəd Su-27 təyyarəsi
- S-400 ZRK (radarı ilə bərabər)
- Yanacaq anbarı
Fotolarda anbarda baş verən yanğının hələ də söndürülmədiyi görünür
Zərbələrdən sonra çəkilmiş Planet.com peyk görüntülərində də Su-27, Su-30 və Miq-31 təyyarələrinin park edildiyi ərazidə yanğının izləri görünür. Ukrayna mənbələri Rusiyanın 3 təyyarəsini itirməsi barədə yazıb. Şəkillərdən də görünür ki, aerodromun yanacaq-sürtkü materialları ehtiyatı tamamilə yanıb.
Rusiyanın “Hərbi Xəbərçi” teleqram kanalı mayın 17-də səhər saatlarında yazıb ki, aviabazaya hücum nəticəsində iki MiQ-31 və bir Su-27 tamamilə məhv edilib, bir MiQ-29 da zədələnib.
“Krım.Realiya”nın məlumatına görə, aerodromda Rusiya Hərbi Hava Qüvvələrinin 38-ci Qırıcı Aviasiya Alayı və Rusiya Fövqəladə Hallar Nazirliyinin Sevastopol Aviasiya Xilasetmə Mərkəzi yerləşir. Aerodromda 12 Su-27 təyyarəsi, 12 Su-27SM təyyarəsi, üç döyüş təlim Su-27UB və 5 iki yerlik Su-30M2 təyyarəsi olub.
Rusiya Müdafiə Nazirliyi Belbek aerodromuna hücumun təfərrüatlarını açıqlamayıb. Mayın 16-na keçən gecə nazirlik Krım ərazisi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən beş ATACMS operativ-taktiki raketinin məhv edilməsi barədə məlumat verib.
Ukrayna ordusunun zərbələri ilə bağlı heç bir şərh verilməyib. Bundan əvvəl Kiyev işğal edilmiş Krımda Rusiya hərbi obyektlərinə hücumların artacağını bəyan etmişdi.
Rasim Əliyev