İranın Əlborz, Şiraz, Tehran və Xuzestan əyalətlərində yanacağın qiymət artımından sonra gərginlik və iğtişaş yaradan qrupların başçıları həbs olunub.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) sözçüsü Ramazan Şərif deyib.
O bildirib ki, həbs olunanlar əcnəbi casusluq servisləri ilə əlaqələri olan şəxslərdir.
R. Şərif iğtişaş yaradan şəxsləri “xuliqan və qolçomaq” adlandırıb. O deyib ki, hegemon güclərin xuliqanlardan öz məqsədləri üçün istifadəsinin səbəblərindən biri də onların sanksiyaların effektliliyindən naümid olmasıdır: “ABŞ-ın İran xalqına qarşı yeni sanksiyalarının başlamasından 18 ay keçir. Amma xalqımızın üzləşdiyi bütün çətinliklərə baxmayaraq, ABŞ heç nə əldə edə bilməyib”.
R.Şərif deyib ki, bu həbslər iğtişaşların yatmasına böyük təsir göstərib.