"İşdən çıxarılacaq icra başçılarının siyahısında Sevindik Hətəmovun da adı var. Onun da yaxın günlərdə vəzifəsindən azad olunacağı deyilir".
Bunu Salyan rayon sakinləri Arqument.Az-a göndərdikləri müraciətdə qeyd ediblər.
Onlar bildiriblər ki, Maliyyə Nazirliyinin rayonda yoxlama aparılması gözlənilir.
Hesablama Palatası isə ilin yekunlarına dair yoxlamalara artıq start verib.
Rayonlarda yoxlamaların İqtisadiyyat Nazirliyinin araşdırmaları əsasında apardıldığı iddia olunur.
Bu yoxlamaların isə əsasən regionların iqtisadi inkişaf proqaramı çərçivəsində ayrılan milyonlarla əlaqədar olduğu deyilir.
Salyanda aparılan yoxlamaların isə rayonda həyata keçirilən tenderlər və katirovkaların şəffaf aparılmadığı ilə bağlı olduğu bildirilir.
Bir müddət öncə Salyan sakinləri rayonda həyata keçirilən tenderlərlə bağlı arqument.az-a müraciət göndərmişdilər. Həmin müraciətdə qeyd olunurdu ki, rayonda görülən işlər formal xarakter daşıyır: "Ən gülünc hal isə "Sabirabad İnşaat” MMC-nin Salyan rayonunda bayram tədbirlərinin keçirilməsinə 46 000 manat vəsait silməsidir. Salyanda tədbir keçirən İcra hakimiyyəti rayonda şirkət tapmır, Sabirabaddan gətirir? Ən gülməlisi də odur ki, inşaat şirkəti bayram tədbirləri təşkil edir. Deyirlər ki, aztəminatlı ailələrə verilən tikinti materiallarının satın alınması üçün 275.973.59 AZN pul xərclənib? Hanı, kimə xərclənib, kim ala bilib bu pulu?”.