Zaqatala, Şəki və Oğuz rayonlarında ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun məlumatı görə vəzifəli şəxs S.Mirzəməmmədovun Oğuz rayonu ərazisindən keçən “Daşağıl” çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə etməsi müəyyən edilib. Qeyd olunan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228 (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün Nərimanov rayon məhkəmələrinə göndərilib.
Qeyd edək ki, son illərdə ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər uğurla həyata keçirilir və davam etməkdədir. Tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də Əlicançay su anbarının tikintisidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su anbarının tikintisinə Prezident İlham Əliyevin “Əlicançay su anbarının tikintisi haqqında” 2023-cü il 28 iyul tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çaylarından gələn suların toplanmasıdır.
Əlicançay su anbarının ümumi su tutumu 108 milyon kubmetr, çay hövzəsində qurulan bəndin qaşı üzrə uzunluğu 314,74 metr, hündürlüyü isə 49 metrdir.
Şəki və Oğuz rayonları ərazisində yerləşən Əlicançay su anbarının tikintisini “Körpü-Bina-Tikinti” MMC şirkəti həyata keçirir.
XALQ.AZ-ın əldə etdiyi məlumata görə Oğuz rayonu ərazisində yerləşən Daşağıl çayının yatağından qanunsuz daşınmalar həyata keçirən şirkətlərdən biri də “Körpü-Bina-Tikinti” MMC-dir. Belə ki, “Körpü-Bina-Tikinti” MMC şirkəti Əlicançay su anbarının tikintsini üçün tərəfindən istifadə edilən qarışıq suxur xammalını Daşağıl çayının yatağından daşıyır.
Ərazidə apardığımız çəkiliş zamanı Daşağıl çayının sahilində ağır tonnajı avtomobillərin hərəkət etdiyini gördük. Məsələ ilə bağlı “Körpü-Bina-Tikinti” MMC-yə göndərdiyimiz sorğuya cavab olaraq bildirildi ki, “bu bizim maşınlar deyil, bizim daşıdığımız yer deyil, ora vaqon qoyublar, oda bizim deyil. Bu tamam başqa adamlardı”.
“Körpü-Bina-Tikinti” MMC-dən elektron poçtumuza göndərdilən açıqlamada şirkətin Daşağıl çayının sahilindən qarışıq suxur xammalını daşıdıqlarını etiraf edirlər. Lakin bu onların texnikası olmamasını bildirirlər.
Araşdırmalar zamanı vəzifəli şəxs S.Mirzəməmmədovun Oğuz rayonu ərazisindən keçən “Daşağıl” çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə etməsi müəyyən edilib.
Ancaq “Daşağıl” çayından qum-çınqıl qarışığı götürərək yerin təkindən istifadə edən müəyyən edən vəzifəli şəxs S.Mirzəməmmədovun kim olması, hansı şirkətin işçisi olması açıqlanmır.
Qeyd edək ki, Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovdur.(Xalq.az)
Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.