Dağıstan Universitetinin qiyabiçi tələbəsi necə deputat olanda belə də olmalı idi
Deməli, düz 1 ay öncə mediada xəbər yayıldı ki, ECOFRONT İctimai Birliyinin qaldırdığı səs-küydən sonra Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları məcbur qalaraq apardıqları araşdırma zamanı Xaçmaz rayonunun Fərzəlioba kəndində təqribən 27 hektar sahədə “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması məqsədilə müxtəlifcinsli ağac və kol bitkilərinin kəsildiyi faktı müəyyən edilib. Araşdırma zamanı təbiətə ümumilikdə 70 min manata yaxın məbləğində ziyan dəydiyi hesablanıb və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından sənədlər Xaçmaz rayon prokurorluğuna göndərilib. Halbuki, 27 ha meşə ərazisi tamailə traktorla kürünərək on minlərlə ağaclar məhv edilmişdi. Bunun da cəriməsi qanunla nə az nə çox 2 milyon manatdan artıq olmalı idi. Lakin ETSN əməkdaşlarının aldıqları rüşvətlər müqabilində bu cərimənin miqdarı 20-30 dəfə kiçildilərək aktlaşdırılmışdı.
Görəsən rayon prokurorluğu nə qərar qəbul etdi ?
Demək olar ki, heç nə.
Bəli, kim rayonun deputatının atasının xətrinə dəyə bilərdi ?
Necə yəni qanun şahdan üstündür ?
Qanun şahın deyil e, heç deputatın atasının yanından keçə bilməzdi. Və keçə bilmədi də.
Deputat Eldəniz Səlimovun atası, “Qərb Ekol” şirkətinin sahibi Adil Səlimov heç nə olmamış kimi fəaliyyətini davam etdirir.
Bax, bu cəzasızlıq mühitidir. Qanun şah olmayanda belə də olmalıdır.
Ancaq bu dünyada bir ilahi ədalət deyilən dəyər var.
27 hektar sahədə ağacların qırılmasından düz 1 ay sonra oğul - Milli Məclisin Xaçmazdan olan deputatı Eldəniz Səlimovu ağacların ahı tutdu.
O filmdə deyir e, Nikolayı müsəlmanların ahı tutdu.
Atasının cinayətindən sonra oğul cinayət törətdi. Və Xaçmazda əməlli-başlı vurub keflənən deputat rayon polisinin əməkdaşını döyüb. Hətta sonra döyməklə kifayətlənməyərək, xəbər göndərib ki, gəl hamının qarşısından məndən üzr istə.
Pahh atonnə.
Döyən deputat, amma döyülən üzr istəməlidir. Dünyanıın heç bir yerində belə hal ola bilməz. Qədimdən üzü bəri döyən üzr istəyər, döyülən yox. Həm də döyülən Azərbaycan dövlətinin asayişini qoruyan polisdir.
Həm də tələb edir ki, hamının qarşısında üzr istə.
Bəli, əgər 1 ay öncə ağacları məhv edən ata cəza alsaydı, bu deputat oğuluna da dərs olardı. Amma oğul görür ki, pulla qanunları da silib atmaq olur.
İndi görək, bu deputat oğul kimdir, nəçidir ?
Deməli, adam döyən deputat Eldəniz Səlimov 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alıb.
Dağıstan Dövlət Universiteti kooperativ kimi bir şeydir, orada bəziləri oxumadan diplom alır. Yəni təhsildən danışmağa dəyməz.
Görəsən bu ağılın, bu savadın sahibi necə deputat olub ?
Deməli, DDU-nu bitirən Eldəniz Səlimov bir müddət Fazil Məmmədovun vergi orqanlarında, banklarda çalışıb.
2013–2014-cü illərdə Müdafiə Nazirliyinin Üfüq İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda işləyib və sonda Xaçmaz rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi olub. Və oradan Milli Məclisə transfer olub.
Eldəniz Səlimov 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatılıb.
55 saylı Xaçmaz şəhər dairəsindən YAP-ın namizədi olan Eldəniz Səlimov, səsvermədə qalib gələrək, Milli Məclisə üzv seçilib. Və hələ də üzvüdür.
Son məlumata görə, Eldəniz Səlimov YAP-dan qovulub. Son məlumata görə deputat mandatından da məhrum edilmiş və həbsə atılmışdır. Təki qanunlarımız həmişə belə tətbiq olunaydı.