“Eurohome” ticarət mərkəzinin rəhbəri Azay Möhnətov bizə dəyən zərərin kompensasiyasını vermir. Köməkçisi ev dustaqlığına buraxılsa da, Azay Möhnətovun işlərini aparır, rahatlıqla azadlıqda gəzir”. Bu sözləri Binəqədi rayonunda yerləşən "Eurohome” ticarət mərkəzinin yanması nəticəsində zərər görən sahibkarlar deyir.
Musavat.com-a danışan sahibkarların sözlərinə görə, 2 ildir ki, onlara dəyən zərərin kompensasiyasını Azay Möhnətovdan ala bilmirlər. Qeyd edək ki, ticarət mərkəzi 2019-ci ilin dekabr ayında yanıb. Nəticədə 50-ə yaxın sahibkara zərər dəyib.
Sahibkarlar bildirirlər ki, onlara dəyən zərər də hesablanıb, bununla bağlı Ədliyyə Nazirliyinin rəsmi sənədi də var. Sahibkarlar Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 may 2020-ci il tarixli 31328 nömrəli rəyini də təqdim etdilər. Sənəddə onlarla yanaşı, digər sahibkarlara da dəyən zərərin məbləği təsdiqini tapır.
Hazırda Binəqədi Rayon Məhkəməsində proses gedir. Avqustun 18-də Binəqədi Rayon Məhkəməsində işə yenidən baxılacaq. Dəfələrlə iş adamı Azay Möhnətov məhkəməyə çağırılsa da boyun qaçırır, müxtəlif bəhanələr gətirirək məhkəmədən yayınır.
Xatırladaq ki, Azay Möhnətov AF Holdinq Şirkətlər Qrupunun prezidentidir. "Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.