ALİ MƏHKƏMƏ SƏDRİ OLANDAN SONRA HAKİMLƏRƏ "QUZU" GÖZÜİLƏ BAXMASA YAXŞIDIR
Prezidentə bu təklifi verənlər məsuliyyətə cəlb olunmalıdır…
Onun təyinatı zəruridirsə, ilk növbədə Qanuna düzəlişlər edilməlidir…
Bu gün Milli Məclis İnam Kərimovu Ali Məhkəmənin hakimi təyin edəcək. Yəqin ki, bundan dərhal sonra Prezident də onu Ali Məhkəmənin sədri təyin edəcək. Amma bu qanunsuzdur!
Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-3-cü maddəsinə əsasən hakim vəzifəsinə namizədlər yazılı və şifahi imtahan əsasında seçilirlər. Həmin Qanunun 93-4-cü maddəsinə görə isə hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər sözügedən prosedurlardan kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən hakim vəzifələrinə təyin edilə bilərlər.
İnam Kərimovun nüfuzu və mənəvi keyfiyyətləri subyektiv məsələdir. Amma tərcümeyi-halından görünür ki, ümumi stajı 21 ildir, onun da yalnız 10 ili hüquqşünas ixtisası üzrə olub. Bu isə artıq obyektiv məsələdir! Əlbəttə, ola bilər ki, o paralel olaraq hüquq sahəsində elmi və pedaqoji fəaliyyətlə də məşğul olub. Lakin ictimaiyyətə onun elmi əsərləri və ya haradasa müəllimlik etməsi faktı bəlli deyil.
Beləliklə, o, nəinki Ali Məhkəmənin sədri, ümumiyyətlə heç bir məhkəmənin hakimi təyin oluna bilməz. Buna görə də Prezidentə bu təklifi verənlər (və ya səsini çıxarmadan dəstəkləyənlər) məsuliyyətə cəlb olunmalıdır!
Xüsusilə vurğulayıram ki, problem Kərimovun özündə deyil. Mövcud vəziyyətdə potensial namizədlər arasında məqbul variantlardan biridir. Savadlı hüquqşünasdır, “ASAN xidmət” kimi uğurlu layihənin qurucularından biridir. Düzdür, kənd təsərrüfatı sahəsində bu uğuru təkrarlaya bilmədi. Hər bir halda Ali Məhkəmənin sədri kimi işin öhdəsindən necə gələcək – zaman göstərər. Yaxşıya yaxşı, pisə pis deyəcəyik!
Əsas məsələ qanunun aliliyidir! Kərimovun təyinatı zəruridirsə, əvvəlcə Qanuna düzəliş edilməlidir. Məsələn, yazıla bilər ki, ali hüquq təhsili olan və əvvəllər Prezident, vitse-prezident, Baş nazir, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri (nazir, komitə sədri və s.), deputat, Ombudsman olmuş şəxlər stajından asılı olmayaraq hakim təyin edilə bilər. Məsələn, ötən əsrin əvvəllərində ABŞ-ın 27-ci prezidenti Taft Ali Məhkəmənin sədri təyin olunmuşdu. Belə istisnaların olması normal və ağlabatandır.
Qanuna belə düzəliş edilməsə, Kərimovun təyinatı qanunsuz, fəaliyyəti isə qeyri-legitim olacaq. Həm onsuz da bərbad gündə olan məhkəmə sistemizə növbəti zərbə olacaq, həm də onun özü üçün problem olacaq. Biz elə bu yaxınlarda Ali Məhkəmənin sabiq sədrinin qanunsuz olaraq vəzifəsində artıq müddətə qaldığını gördük (getmək istəmirdi ki, istəmirdi!). İndi isə onun xələfinin qanunsuz təyinatı ərəfəsindəyik. Çox təəssüf!..
P.S. Bu gün deputatların mövqeyini xüsusi nəzərdə saxladıq,Bəli, həmişəki kimi bu dəfə də bütün deputatlar İ.Kərimovun ALİ mƏHKƏMƏ SƏDRİ OLMASINA SƏS VERDİLƏR…
Əkrəm Həsənov – vəkil