Bakı Dövlət Universitetinin (BDU) aprel ayından təmirə bağlanan 2 saylı korpusunun hörgüsü səliqəsiz edilib.
Bunu əks etdirən fotolar sosial şəbəkədə paylaşılıb.
Paylaşımda tədris binasının normalara uyğun olmayan qaydada tikildiyi qeyd edilib.
BDU-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2 saylı tədris korpusu əsaslı təmir olunur:
“Bina 1977-78-ci tədris ilində istifadəyə verilib və həmin vaxtdan bir dəfə də olsun əsaslı təmir edilməyib. Əsaslı təmir zamanı bütün bərkitmə işləri həyata keçirilir və mövcud qüsurlar aradan qaldırılır.
Binanın zirzəmisindən damına qədər bütün mərtəbələri, auditoriyalar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulur, bütün kommunikasiya xətləri yenilənir”.
Məsələ ilə bağlı memar Cahid Həsənov Oxu.Az-a açıqlamasında bildirib ki, son illər bu cür formada təmir-bərpa işlərinə rast gəlinir:
“Çünki təmir-bərpa işlərinin “qalib”ləri peyda olublar. Yəni ciddi bir sahə şouya döndərilib. Hər qurum tender zamanı özünün naşı firmalarını irəli çəkir. Nəticədə peşəkar memar və mühəndislər işsiz qalıblar.
Bir neçə gün əvvəl sosial şəbəkələrdə rastlaşdıq ki, yaşı 200 ildən çox olan Lənkəran Dairəvi Qalasının bərpası gedir və damına şifer vurublar. Niyə? Çünki heç bir peşəkarın firması tenderin qalibi ola bilməz”.
Memar qeyd edib ki, BDU-nun səliqəsiz hörgüsü olan binasının düzəldilməsi mümkündür:
“Peşəkarlar, mütəxəssislər cəlb olunsa, tez vaxtda, ucuz maliyyə ilə həlli tapılar”.